Azərbaycan Mərkəzi Bankının (AMB) istehlak kredit kartları üzrə məsuliyyətli borclanmanı təşviq edən və 15 iyul 2025-ci ildən qüvvəyə minmiş yeni tənzimləyici qərarı artıq bazarda öz təsirini göstərib.
Banker.az xəbər verir ki, Qərara əsasən fiziki şəxsin kredit kartı üzrə borcu onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Eyni zamanda overdraftlar da kredit xətləri anlayışına daxil edilib, bankların kapital adekvatlığını qorumaq üçün istehlak kredit kartlarına daha sərt risk dərəcələri tətbiq olunub. Bu yanaşma əhalinin izafi borclanmasının qarşısının alınmasına və bank sisteminin kapital dayanıqlığının gücləndirilməsinə yönəlib.
AMB-nin açıqlamasına görə, bu qərardan əvvəl ölkədə kredit kartlarının sayı artım meyilləri göstərirdi. Məsələn, 2023-cü ilin sonuna 2 milyon 216 min ədəd olan kartların sayı 2024-cü ilin mayında 2 milyon 282 minə yüksəlmişdi. Lakin 2025-ci ilin yay aylarından sonra əhəmiyyətli azalma müşahidə olunub. Belə ki, 31 may 2025-ci ildə 2 milyon 117 min ədəd olan kartların sayı avqustun sonuna 2 milyon 113 minədək geriləyib. Bu, ilin əvvəlindəki (yanvar – 2 milyon 244 min) göstərici ilə müqayisədə təxminən 6% azalma deməkdir.
Kredit kartları ilə ilin ilk 8 ayında 6 milyard 488 milyon manatlıq əməliyyat aparılıb. Bu öncəki ilin eyni dövründə 5 milyard 475 milyon manat idi.
“Fitch Rating” beynəlxalq reytinq agentliniyi bu ay açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankının bu sahədə risklərin idarəsi üçün qabaqlayıcı tədbirlər görməsinə rəğmən, 2021-ci ildən bəri pərakəndə (fiziki şəxslərə verilən) kreditlərin sürətli artımı müəyyən qızışma riskləri yaradır. Bununla belə, agentlik Azərbaycanda bank sektorunun orta göstəriciləri 2017-ci ildən yaxşılaşıb – dollarlaşma azalıb, problemli aktivlərin riski isə aşağı düşüb.
AMB-nin mövqeyinə görə, bu yanaşma, requlyator tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.