14 C
Baku
Saturday, October 4, 2025

Niyə ABŞ dollarının zəifləməsi fonunda hedcinqə tələb artır? Nədir bu hedcinq?

Uzun müddətdir gözlənilən ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrinin azaldılması dövrünə yenidən başlaması xarici investorlar üçün dollar riskindən sığortalanmanı ucuzlaşdıra və onların ABŞ aktivlərini valyuta zəifləməsindən qorumaq motivasiyasını artıra bilər.

Banker.az xəbər verir ki, sentyabrda ABŞ Mərkəzi Bankı gözlənildiyi kimi faiz dərəcəsini 25 baza bəndi endirərək 4,00-4,25%-ə salıb. Bu qərar əmək bazarındakı narahatlıqlarla izah edilib və ilin sonuna doğru əlavə azalmaların ediləcəyi bildirilib.

Faiz endirimi ABŞ ilə digər inkişaf etmiş ölkələr arasında faiz fərqini daraldır ki, bu da xarici pensiya fondları, suveren fondlar və digər institusional investorlar üçün hedcinq (valyuta riskindən qorunma) xərclərini aşağı salır.

ABŞ dollarının altı əsas rəqib valyuta səbəti qarşısında ölçülən indeksi (DXY) bu il təxminən 10% aşağı düşüb. Bazar iştirakçılarının sözlərinə görə, bu, qismən də xarici investorların ABŞ aktivlərinə ABŞ-ın ticarət və gömrük siyasətinin təsirindən narahat olduqları üçün hedcinq fəaliyyətini artırması ilə bağlıdır.

“FED-in faiz azaldılması dövrünə qayıtmasını gözləyənlər var idi,” – Londonda mənzillənən “Russell Investments” şirkətindən olan rəhbər Van Lu bildirib. “İndi onlar hedcinq nisbətini artırmağa meyllidirlər və ya doğru anı, ya da müəyyən bir katalizatoru gözləyirlər.”

Hedcinq mövcud portfeldəki itkiləri məhdudlaşdırmaq üçün törəmə alətlərdən istifadə etməklə əks mövqe tutmaq üsuludur. Çox vaxt bu, dolların forvard və ya svop əməliyyatları ilə satılmasını əhatə edir. Ona görə də hedcinq fəaliyyətinin artması zəifləmiş dollar üçün əlavə təzyiq deməkdir.

Son aylarda dolların əsas rəqiblərinə qarşı gəlir üstünlüyü azalıb:

8787

Hedcinq ehtiyacının yenidən yaranması

Beynəlxalq Hesablaşmalar Bankının iyunda dərc etdiyi hesabata görə, yüksək hedcinq xərcləri və dollarla bağlı nikbin gözləntilər son illərdə foreksdə hedcinq nisbətlərini aşağı salan iki əsas amil olub.

İllərlə dolların güclü qalması xarici investorların ABŞ aktivlərini hedcinqsiz saxlamağa imkan verirdi, çünki bu, onların ümumi gəlirini artırır və diversifikasiya imkanı yaradırdı. İndi isə vəziyyət dəyişmək üzrədir.

ABŞ dolları bu il əhəmiyyətli dərəcədə ucuzlaşıb və əlavə zəifləmə riski mövcuddur. Bu halda hedcinq mənfi valyuta dəyişmələrinin təsirini yumşalda bilər.

Bazarlar bu il daha iki dəfə 0,25 bəndlik faiz endiriminin qiymətini formalaşdırır. Bu isə hedcinqi artırmaq istəyən, amma xərclərə görə tərəddüd edən investorları təşviq edə bilər.

Valyuta risklərindən qorunma genişlənir

“Morgan Stanley”nin məlumatına görə, hazırda əcnəbilər ABŞ səhmlərinə və istiqrazlarına 30 trilyon dollardan çox sərmayə qoyublar, bunun 8 trilyonu Avropa investorlarının payına düşür.

FED rəhbərliyi, onun müstəqilliyi və ABŞ siyasətində qeyri-müəyyənliklərlə bağlı artan narahatlıqlar dollara təzyiqi artırıb. Bununla yanaşı, ABŞ səhm bazarı yüksəlməkdə davam edir. Supergücün əsas 500 şirkətinin səhmini ölçən “S&P 500” indeksi bu il təxminən 14% artaraq tarixi maksimuma yaxınlaşıb.

“ABŞ səhm bazarındakı güclü artım və dolların kəskin ucuzlaşması qeyri-adi haldır, amma mümkündür. Biz hesab edirik ki, bu fərqliliyin səbəblərindən biri hedcinqin artmasıdır,” – Avstraliyadakı “Convera” şirkətinin bazar təhlili rəhbəri Stiv Duliy Reuters-ə deyib.

Almaniyanın “Deutsche Bank”ının iyul araşdırmasına əsasən, Almaniya və Avstriyadakı səhm investorları hedcinq nisbətlərini ilin əvvəlindəki 20-30%-dən 60-70%-ə yüksəldiblər.

Danimarka Mərkəzi Bankının yeni hesabatına görə, sığorta şirkətləri və pensiya fondları dollarla olan sərmayələrinin üçdə dördündən çoxunu valyuta dalğalanmalarından qoruyurlar. “Deutsche Bank” qeyd edir ki, bəzi nüfuzlu pensiya fondları yaydan sonra bu nisbətləri daha da artırmağı planlaşdırır.

“Düşünürəm ki, xarici investorlar dollar risklərindən qorunmağa hələ də meyllidirlər,” – Nyu-Yorkdakı “Macquarie” şirkətinin qlobal Foreks üzrə strateqi Tyerri Vizman bildirib. “Ona görə də yaxın həftələrdə yenidən dollar hedcinqinin artdığını görəcəyik,” – o əlavə edib.

“MillTechFX” şirkətinin araşdırmasına görə, Avropadakı korporasiyaların 86%-i hazırda valyuta risklərini hedcinq edir. Bu göstərici 2023-cü ildə 67% idi. Onların orta hedcinq nisbəti isə 43%-dən 49%-ə yüksəlib.

“Mesirow Currency Management” şirkətinin baş direktoru Cozef Hoffman bildirib ki, beynəlxalq investorların bu dəyişikliyi əsasən qısamüddətli faiz fərqləri ilə bağlı deyil. Bu, daha çox FED siyasəti, artan siyasi qeyri-müəyyənlik və davamlı fiskal kəsirlərlə bağlı dollar üzrə mənfi struktur baxışlardan qaynaqlanır.

Hedcinqin dəyəri…

Hedcinqin ucuzlaşması qiymət səbəbindən ehtiyat edən investorları da cəlb edə bilər.

Məsələn, hazırkı faiz dərəcələrinə əsasən Yaponiya və İsveçrə investorları üçün illik 4%-lik hedcinq xərci böyük maneə olaraq qalır. Avrozonalı investorlar üçün isə bu xərclər illik təxminən 2%-dir.

“Düşünürəm ki, psixoloji bir hədd var – əgər hedcinq xərci 1%-ə və ya daha aşağı düşsə, bu, investorlar üçün problem olmayacaq. Və bu, avro investorları üçün növbəti 12 ay ərzində mümkündür,” – “Russell Investments”dən Van Luu deyib.

Son xəbərlər
Digər xəbərlər