Dünya mərkəzi bankları avqust ayında qızıl alışını yenidən bərpa ediblər. “World Gold Council”in ilkin qiymətləndirmələrinə görə, qızıl ehtiyatlarının həcmi 15.1 ton artıb.
“Bu, mart–iyun ayları arasındakı aylıq göstəricilərə uyğun gəlir və iyulda ehtiyatların dəyişməz qalmasından sonra alım tendensiyasının geri döndüyünü göstərir”, – deyə WGC analitiki Krişan Qopol bildirib.
Onun sözlərinə görə, qızılın bahalaşması alış həcmlərini məhdudlaşdıra və hətta bəzi taktiki satışlara səbəb ola bilər. Lakin dövlət tələbinin azalması, mərkəzi bankların ümumilikdə qızıla marağını itirməsi demək deyil, əksinə, onlar hələ də öz ehtiyatlarını artırmağa çalışırlar.
Avqust ayında ən çox qızıl alan ölkələr sırasında Qazaxıstan (7.7 ton), Bolqarıstan (2.1 ton), Türkiyə, Özbəkistan, Çin (hər biri 1.9 ton), Çexiya (1.7 ton) və Qana (1.6 ton) olub.
WGC-nin məlumatına görə, Rusiya Mərkəzi Bankı (3.1 ton) və İndoneziya (1.8 ton) ehtiyatlarını azaldıblar.
“ANZ Group” analitikləri ilin sonuna qədər qızılın qiyməti ilə bağlı proqnozu unsiya üçün 3800 dollaradək yüksəldiblər. Onlar həmçinin 2026-cı ilin ortalarına qədər qızılın 4000 dollara qədər bahalaşmasının mümkün olduğunu, bunun isə güclü investisiya tələbi ilə əlaqəli ola biləcəyini istisna etmirlər.