Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarında 2025-ci ilin yanvar–avqust dövrü ötən illə müqayisədə sabit, lakin zəif dinamika nümayiş etdirib.
Banker.az xəbər verir ki, 2024-cü ilin eyni dövründə bu sığorta növü üzrə haqlar 62,6 mln manat, ödənişlər isə 2,04 mln manat təşkil etmişdi. 2025-ci ildə yığımlar cüzi artaraq 63,3 mln manata yüksəlib ki, bu da illik artım cəmi 1,2% olub. Ödənişlər isə əksinə, azalma meyli göstərib — 1,78 mln manata enərək 12,7% geriləyib.
Ümumilikdə, 2021–2025 dövrü ərzində daşınmaz əmlakın icbari sığortası bazarında yığımlar ardıcıl artsa da, zərərlilik əmsalı digər sahələrlə müqayisədə çox aşağıdır. 2021-ci ildə 38,2 mln manatlıq yığım fonunda ödənişlər 1,1 mln manat idi, yəni zərərlilik əmsalı 2,9% səviyyəsində olmuşdur.
2022-ci ildə bu göstərici 1,8%-ə, 2023-cü ildə isə 7,5%-ə yüksəlib. Lakin sonrakı illərdə əmsal azalma meyli göstərib — 2024-cü ildə 3,3%, 2025-ci ildə isə 2,8% səviyyəsində formalaşıb. Bu da o deməkdir ki, daşınmaz əmlakın icbari sığortasında cəlb edilən hər 100 manat sığorta haqqının 3 manatdan aşağı hissəsi ödənişə yönəldilib. Hazırkı göstərici ilə sektorda sığorta şirkətləri üçün ən yuxarı mənfəətli olan sığorta alətindən biridir.
Əmlakın yanğından və digər risklərdən könüllü sığortasında haqları illik müqayisədə 15% artımla 54,6 mln. manata yüksəlsə də, ödənişlər 29% azalaraq1,8 mln. manata düşüb. Beləliklə, zərərlilik əmsalı bu sektorda cəmi 3.3% təşkil edir. Öncəki 2023-cü ildə bu rəqəm 35.8%, 2024-cü ildə isə kəskin enişlə 5.4%-ə düşüb.