İki il öncə icbari avto-sığortanı zərərin əsas mənbəyi hesab edərək ondan imtina etmiş “AzSığorta” ASC-nin 2025-ci ilin yanvar–avqust aylarında sığorta yığımları azalarkən, ödənişləri isə artıb.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik büllüteninə istinadən xəbər verir.
Sığorta haqları 2024-cü ilin ilk 8 ayında 6,36 milyon manat olduğu halda, 2025-ci ilin eyni dövründə 5,73 milyon manata enib. Azalma 9,9% təşkil edib.
Sığorta ödənişləri isə 1,08 milyon manatdan 1,20 milyon manata yüksələrək 10,8% artıb.
Şirkətin zərəlilik əmsalı, yəni ödənişlərin yığımlara nisbəti 2024-cü ilin ilk 8 ayında 17%, 2025-ci ilin müvafiq dövründə isə 20,9% olub.
Qeyd edək ki, 2023-cü ildə sığorta şirkət rəsmisi 2022-ci ildə zərər etməsinə səbəb icbari avto-sığortanı göstərmişdi və buna görə də bu məhsuldan imtina etdiklərini bildirmişdilər.
“Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Manıyev müsahibəsində bildirmişdi ki, “bu, heç də asan qərar deyildi. Bu növ üzrə on minlərlə müştərimiz var idi. Belə müştəri bazasından istifadə edə bilsəydik, nəzəri olaraq digər məhsullarımızın çarpaz satış imkanı yaranardı. Lakin təcrübəmiz göstərir ki, bu yalnız potensial imkandır, onu reallaşdırmaq çətindir” deyə bildirmişdi.
Əslində şirkət rəhbərliyi bu mövqedə də haqlıdır. Məsələn, 2023-cü ildə şirkətin zərərlilik əmsalı 109 faiz olmuşdu. Bu da o deməkdir ki, hələ əməliyyat və vergi xərclərinə qədər şirkətin hər 100 manat yığımı qarşılığında 109 manat ödənişlərə yönəldirdi.
Bununla belə, göründüyü kimi sığortaçı 2023-cü ilə qədəki yığım nəticələrini təkrar edə bilmir. Halbuki, ölkədə bu bazar ümumilikdə artıma doğru irəliləyir.