23 C
Baku
Friday, October 10, 2025

Neftin qiyməti ucuzlaşmaqda davam edir

Həftənin son iş günü neft qiymətləri əvvəlki sessiyadakı 1,6% ucuzlaşmadan sonra bir qədər də geriləyib. Bu, İsrail və HƏMAS-ın Qəzza müharibəsinə son qoymaq üçün planın birinci mərhələsi üzrə razılığa gəlməsindən sonra bazardakı risk mükafatının azalması ilə əlaqələndirilir.

Banker.az xəbər verir ki, Brent markalı xam neft fyuçersləri 30 sent azalaraq bir bareli 64,94 ABŞ dollarına düşüb. ABŞ-ın WTI markalı nefti isə 32 sent ucuzlaşaraq 61,49 dollara enib.

İsrail və Fələstin qruplaşması HƏMAS cümə axşamı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza müharibəsini bitirmək məqsədli planın birinci mərhələsi üzrə atəşkəs sazişi imzalayıblar.

Cümə günü İsrail hökuməti tərəfindən təsdiqlənən razılaşmaya əsasən, döyüşlər dayandırılacaq, İsrail Qəzzadan qismən geri çəkiləcək, HƏMAS isə müharibəyə səbəb olan hücum zamanı girov götürdüyü bütün şəxsləri azad edəcək. Bunun qarşılığında İsrail yüzlərlə fələstinli məhbusu azad edəcək.

Həftəlik müqayisədə, hər iki bençmark neft ötən həftədəki kəskin enişdən sonra təxminən 1% bahalaşıb.

Çərşənbə günü qiymətlər Ukrayna sülh danışıqlarının dalana dirənməsi fonunda təxminən 1% artaraq bir həftənin maksimumuna yüksəlib. Bu isə Rusiyaya — dünyanın ikinci ən böyük neft ixracatçısına qarşı sanksiyaların davam edə biləcəyi ehtimalını gücləndirib.

ANZ analitiki Daniel Hynes cümə günü qeyd edib ki, Qəzzada atəşkəs razılaşması iki il davam edən və neft təchizatında pozulma riskini artıran müharibəyə son qoymaq istiqamətində mühüm addımdır.

“Bu razılaşma ilə diqqət yenidən yaxınlaşan neft profisitinə yönəldi, çünki OPEC hasilat ixtisarlarını tədricən aradan qaldırmaq prosesini davam etdirir,” – Hynes qeyd edib.

Bazar günü Neft İxrac edən Ölkələr Təşkilatı və onun müttəfiqləri (OPEC+) tərəfindən hasilatın noyabr üçün gözləniləndən daha az artırılması razılaşması artıq təklif bolluğu ilə bağlı narahatlıqları qismən azaldıb.

“Bazarların neft təklifinin kəskin artacağı gözləntiləri hələlik qiymətlərdə əhəmiyyətli azalma ilə nəticələnməyib,” – BMI analitikləri cümə günü qeyd ediblər.

Onların sözlərinə görə, “son hasilat artımı əvvəlki qorxulardan daha az olub və bu da həftə ərzində qiymətlərin bir qədər artmasına səbəb olub.”

İnvestorlar həmçinin ABŞ hökumətinin uzunmüddətli fəaliyyət dayanmasının (şatdaun) ölkə iqtisadiyyatını zəiflədə biləcəyindən və dünyanın ən böyük neft istehlakçısında tələbi azalda biləcəyindən narahatdırlar.

Son xəbərlər
Digər xəbərlər