24 C
Baku
Monday, October 13, 2025

Uoll-Strit investisiya banklarının rüblük gəliri 2021-ci ildən bəri ilk dəfə $9 milyardı ötəcək

Analitiklərin proqnozuna görə, “JPMorgan Chase”, “Bank of America”, “Citigroup”, “Goldman Sachs” və “Morgan Stanley” kimi bankların məsləhət xidmətlərindən, səhmlər və istiqrazların yerləşdirilməsindən (underwriting) əldə etdiyi ümumi rüblük gəlir 9,1 milyard dollar təşkil edəcək, “Bloomberg”in topladığı məlumata istinadən “Financial Times” yazır. Bu göstərici 2024-cü illə müqayisədə 13%, 2023-cü illə müqayisədə isə 50% çoxdur, lakin 2021-ci ilin son rübündə bankların qazandığı 13,4 milyard dollardan azdır.

Üçüncü rüb üzrə proqnoz Uoll-Stritdə yeni korporativ birləşmələr, borc vəsaitləri hesabına səhmlərin geri alınması və birja siyahılarına daxilolmalarla bağlı artan optimizmi əks etdirir. “Barclays”ın bank analitiki Ceyson Qoldberq bildirib ki, “böyümə üçün əlverişli mühit” və tənzimləmələrin yumşaldılması pozitiv əhval-ruhiyyəni gücləndirir. O, həmçinin əlavə edib ki, “süni intellektdə baş verənlər də bu prosesə təsir göstərir”.

Analitiklər proqnozlaşdırırlar ki, üçüncü rübdə Uoll-Strit banklarının səhmlər və sabit gəlirli qiymətli kağızlarla ticarət həcmi ötən illə müqayisədə təxminən 8% artaraq 31 milyard dollar olacaq. “Piper Sandler” şirkətinin baş analitiki Skott Sifers deyib: “Ticarət aktivliyi gözlədiyimizdən yüksək olub — bazar ilin əvvəlindəki “azadlıq günündən” sonra sabitləşib”.

Proqnozlara əsasən, aktivlərinə görə ABŞ-nin ən böyük altı bankının xalis rüblük mənfəəti 2024-cü illə müqayisədə 8% artacaq. “JPMorgan”, “Goldman”, “Citi” və “Wells Fargo” nəticələrini oktyabrın 14-də, “Morgan Stanley” və “Bank of America” isə oktyabrın 15-də açıqlayacaq.

Analitiklər bildiriblər ki, hesabatlar ev təsərrüfatlarının zəifləmə əlamətləri baxımından diqqətlə təhlil ediləcək. “RBC Capital Markets”in bank analitiki Cerard Kessidi deyib: “İstehlak sektoru, şübhəsiz, diqqət mərkəzində olacaq. Bu sektorda bir-birinə zidd tendensiyalar çoxdur”.

Aşağı gəlirli amerikalıların maliyyə vəziyyəti ilə bağlı narahatlıqlar, az təminatlı əhaliyə kredit verən və hazırda fırıldaqçılıqda ittiham olunan “Tricolor” şirkətinin iflasından sonra artıb, FT yazır. “Baird” şirkətinin baş analitiki Devid Corc qeyd edib: “Tricolor və First Brands kimi şirkətlərlə bağlı son xəbərləri nəzərə alaraq, kredit portfelinin keyfiyyətinə daha çox diqqət yetirəcəyik”.

Son xəbərlər
Digər xəbərlər