“Bank of Baku” ASC-nin 2025-ci ilin III rübünün sonuna aktivləri ilin əvvəlindən 19,6% artaraq 1 milyard 117,6 milyon manat təşkil edib. Halbuki, ilin əvvəlində bu rəqəm 934,3 milyon manat idi.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük hesabatında qeyd edilib.
Artımın əsas drayveri kredit portfelinin və depozit bazasının genişlənməsi olub. Müştərilərə verilmiş kreditlər 872,4 milyon manata yüksələrək illik müqayisədə 14,7% artım nümayiş etdirib. Xalis kredit portfeli (ehtiyatlar çıxıldıqdan sonra) 705,3 milyon manatdan 811,3 milyon manata qalxıb – bu da 15% böyümə deməkdir. Göründüyü kimi, xalis kredit portfeli ümumi kredit portfelindən daha yüksək və ya sağlam dinamika ilə artım edir.
Kreditlərin strukturuna baxdıqda, istehlak kreditləri 579,3 milyon manatdan 673,2 milyon manata yüksəlməklə illik 16,2%, biznes kreditləri 132,7 milyon manatdan 141,4 milyon manata 6,6% və daşınmaz əmlak kreditləri isə 18,6% artaraq 57,7 milyon manata çatıb.
Cəmi depozitlər 698,6 milyon manata qalxaraq doqquz aya 17,9% artım nümayiş etdirib. Bunun 638,9 milyon manatı fiziki şəxslərin, 59,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Xüsusilə fiziki şəxslərin əmanətləri üzrə artım 19,4%, hüquqi şəxslərin depozitlərində isə 4,2% olub. Həmişəki kimi pərakəndə müştərilər BoB-un əsas müştəri bazası olaraq qalır.
“Bank of Baku” ilin doqquz ayında likvid vəsaitlərini də əhəmiyyətli dərəcədə artırıb. Nağd vəsaitlər və onların ekvivalentləri 64,7 milyon manatdan 94,1 milyon manata yüksələrək 45,4% artım nümayiş etdirib.
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, əməliyyat fəaliyyəti nəticəsində xalis pul daxilolmaları 67,4 milyon manat təşkil edib ki, bu da əvvəlki dövrdəki 59,7 milyon manatdan 12,9% çoxdur. Əməliyyat öhdəliklərindəki, xüsusilə depozitlər üzrə daxilolmalar, bankın likvidlik mövqeyini daha da möhkəmləndirib.
Bankın ümumi öhdəlikləri 778,6 milyon manatdan 948,7 milyon manata qalxıb (+21,8%), kapitalı isə 155,7 milyon manatdan 168,9 milyon manata yüksəlib (+8,5%). Bölüşdürülməmiş mənfəətin 92,6 milyon manatdan 104,6 milyon manata yüksəlib. Bu da ilk 9 aya “Bank of Baku”nun 24 milyon manat xalis mənfəətlə başa vurması ilə əlaqəldir. İllik müqayisədə 19,9% artım deməkdir.