“General Motors” (GM) şirkətinin səhmləri analitiklərin proqnozlarını üstələyən üçüncü rüb hesabatından sonra birjada 11%-dən çox bahalaşıb. Bundan əlavə, konsern Donald Tramp administrasiyasının idxal rüsumlarından potensial zərərin əvvəlcədən gözlənildiyi qədər ciddi olmayacağını hesab edərək bu qiymətləndirməni yeniləyib.
Avtomobil istehsalçısının əməliyyat mənfəəti üçüncü rübdə 3,4 milyard dollar təşkil edib. LSEG tərəfindən sorğulanan analitiklər bu göstəricinin 2,7 milyard dollar olacağını proqnozlaşdırırdılar. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat mənfəəti 18% azalıb.
Avtokonsernin gəliri isə demək olar ki, dəyişməyib və 48,6 milyard dollar olub. Analitiklər satışların təxminən 45 milyard dollara qədər azalacağını gözləyirdilər. Şirkətin xalis mənfəəti isə iki dəfədən çox azalıb — 3 milyard dollardan 1,3 milyard dollara. Bu azalmanın əsas səbəbi elektromobil istehsalı və satışı ilə bağlı problemlər nəticəsində 1,6 milyard dollarlıq silinmə olub.
Bununla belə, konsern Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarından 2025-ci ildə yarana biləcək potensial itkiləri 4,5 milyard dollar səviyyəsində qiymətləndirir — bu, əvvəlki proqnozdan 500 milyon dollar azdır.
Şirkət bu addımı ABŞ prezidentinin ötən cümə elan etdiyi avtomobil və mühərrik istehsalını dəstəkləyən yeni kredit proqramına cavab olaraq atıb. Bu proqramın məqsədi idxal rüsumlarının mənfi təsirlərini yerli istehsal hesabına azaltmaqdır.