“The Wall Street Journal” yazır ki, şirkət elektromobillər və onlar üçün akkumulyatorlar istehsal edən zavodlarda “minlərlə” işçini işdən azad edib. “General Motors” bu qərarı elektromobillərin tətbiqinin daha yavaş templə getməsi və dəyişən tənzimləyici şəraitlə izah edib. Hazırda şirkətin ABŞ-də təxminən 97 min əməkdaşı var.
İxtisarlar əsasən Miçiqan, Ohayo və Tennessi ştatlarındakı zavodlarda çalışan 2700-dən çox işçini əhatə edib. Bundan əlavə, yüzlərlə “müvəqqəti” ixtisar da nəzərdə tutulur — 2026-cı ilin yanvarından etibarən şirkət iki müəssisədə akkumulyator istehsalını dayandıracaq. CNBC-nin məlumatına görə, istehsal 2026-cı ilin ortalarında bərpa olunacaq, fasilə isə avadanlığın modernləşdirilməsi üçün istifadə ediləcək.
2025-ci il sentyabrın 30-da ABŞ-də elektromobil alışı üçün 7500 dollarlıq federal vergi güzəşti qüvvədən düşüb. GM-in maliyyə direktoru Pol Ceykobson bildirib ki, şirkət elektromobillərin böyük gələcəyinə hələ də inanır, lakin onların istehsal xərclərini azaltmaq üçün struktur dəyişikliklərə ehtiyac var.







