13 C
Baku
Tuesday, November 4, 2025

Uoll-Strit səhm bazarının enişi barədə xəbərdarlıq edib

İnvestorların səhm bazarının yalnız artacağına dair bitməyən inamı, Uoll-Stritin ən tanınmış optimistlərindən biri “Yardeni Research” şirkətinin rəhbəri Ed Yardenini belə narahat etməyə başlayıb. Onun sözlərinə görə, bazarda hazırda “çoxlu buğalar” var və bu, bazarda qızışma siqnalı ola bilər. Yardeni hesab edir ki, S&P 500 indeksi dekabrın sonunadək təxminən 5% azalacaq. “Bir gözlənilməz hadisə bazarı asanlıqla çökdürə bilər”, — deyə o bildirib.

Eyni risklər barədə Uoll-Stritin ən iri investisiya şirkətlərinin rəhbərləri də xəbərdarlıq ediblər. Onların sözlərinə görə, investorlar növbəti 12–24 ay ərzində 10%-dən çox bazar korreksiyasına hazır olmalıdırlar. Şirkətlərin mənfəəti hələ də güclüdür, lakin “Capital Group” investisiya şirkətinin prezidenti və baş icraçı direktoru Mayk Gitlin qeyd edib ki, “indi əsas problem bazarın həddindən artıq dəyərləndirilməsidir”. O, bunu çərşənbə axşamı Honkonq Valyuta İdarəsi tərəfindən təşkil olunan maliyyə sammitində deyib.

Bu fikri “Morgan Stanley” şirkətinin baş direktoru Ted Pik və “Goldman Sachs” rəhbəri Devid Solomon da dəstəkləyiblər. Onlar da yaxın vaxtlarda nəzərəçarpan korreksiyanın mümkünsüz olmadığını, bazar enişlərinin isə hər bir investisiya dövriyyəsinin normal hissəsi olduğunu xatırladıblar.

Bununla belə, bütün ekspertlər pessimist deyil. “Fundstrat Global Advisors” şirkətindən Tom Li hesab edir ki, bazar uzun müddət qızmış vəziyyətdə qala bilər. O, qiymət enişlərindən alış etməyə davam edir və noyabrın yenidən “buğalar” üçün uğurlu ay olacağına inanır.

Son xəbərlər
Digər xəbərlər