16 C
Baku
Wednesday, November 5, 2025

The Times: “Çelsi” klubunun satışından əldə olunan £2,35 milyardın £987 milyonu Ukraynaya verilə bilər

“The Times” nəşrinin məlumatına görə, Londonun “Çelsi” futbol klubunun satışından əldə olunan ümumi 2,35 milyard funt sterlinqdən təxminən 987 milyon funt Ukraynadakı xeyriyyə təşkilatlarına ötürülə bilər. Nəşr bu məlumatı sövdələşmə ilə bağlı şirkətlərin hesabatlarına və ekspertlərin rəyinə istinadən yayıb.

Qəzetin məlumatına görə, təxminən 1,54 milyard funt klubun keçmiş sahibi Roman Abramoviçlə əlaqəli şirkətlər qarşısındakı kredit və digər öhdəliklərin ödənilməsinə yönəldiləcək. Mütəxəssislər bildiriblər ki, hesabatlarda bu borcların silinməsi üçün başqa mexanizmlər nəzərdə tutulmayıb.

Liverpul Universitetinin müəllimi, futbol maliyyəsi üzrə Böyük Britaniyanın aparıcı ekspertlərindən biri olan Kiran Maquayr “Daily Mail”ə açıqlamasında bildirib:

“Vəsaitlərin bölgüsündəki ləngimə qismən Abramoviçlə əlaqəli tərəflərin qaldırdığı məsələlər və onun ofşor maliyyə şirkətinə qaytarılmalı olan kreditlərlə bağlıdır. Bu səbəbdən, ayrılacaq məbləğ gözləniləndən xeyli az ola bilər – əgər ümumiyyətlə ayrılarsa”.

Milyarder Roman Abramoviç (Forbes-un qlobal reytinqində 350-ci, Rusiya milyarderləri arasında isə 20-ci yerdədir, ailəsi ilə birlikdə ümumi sərvəti 9,2 milyard ABŞ dolları təşkil edir) 2003–2022-ci illərdə “Çelsi” klubunun sahibi olub. O, klubu 2003-cü ildə 140 milyon funt sterlinqə alıb. 2022-ci ildə Böyük Britaniya hökuməti tərəfindən sanksiya siyahısına salındıqdan sonra klub amerikalı biznesmen Todd Boeli və “Clearlake Capital”ın rəhbərlik etdiyi konsorsiuma 4,25 milyard funt sterlinqə satılıb.

Satışdan sonra Abramoviçin təşəbbüsü ilə xeyriyyə fondu yaradılıb. Planlaşdırılırdı ki, satışdan əldə olunan vəsaitin 2,5 milyard funtu müharibədən zərər çəkənlərə yardıma, qalan 1,75 milyard funtu isə “Çelsi”nin inkişafına yönəldilsin. Satışdan əldə edilən vəsait Böyük Britaniyada xüsusi bank hesabında saxlanılır, Abramoviçin həmin pullara çıxışı yoxdur, lakin hüquqi cəhətdən onlar hələ də ona məxsusdur.

2022-ci ildə Britaniya hakimiyyəti fondun yaradılması üçün hüquqi və inzibati xərclərə 200 min funt ayırsa da, satışdan əldə edilən bütün vəsaitin Ukraynaya yardıma yönəldilməsi ilə bağlı yekun razılaşma əldə olunmayıb. 2025-ci ilin iyun ayının əvvəlində Böyük Britaniya hökuməti bəyan edib ki, əgər Abramoviç 2,5 milyard funtu Ukraynanın xeyrinə verməyə razılaşmasa, məsələ məhkəməyə çıxarılacaq.

Abramoviç hesab edir ki, klubun satışından əldə olunan vəsait bütün müharibə qurbanlarına, o cümlədən Rusiyada zərər çəkənlərə paylanmalıdır. Bununla belə, Britaniya hakimiyyəti israr edir ki, pullar yalnız Ukraynaya humanitar yardım məqsədilə istifadə olunmalıdır. Abramoviçin dövründə “Çelsi” beş dəfə İngiltərə Premyer Liqasının, beş dəfə ölkə kubokunun, iki dəfə isə Çempionlar Liqasının və Avropa Liqasının qalibi olub.

Son xəbərlər
Digər xəbərlər