Azərbaycanda 2019-cu ildən qüvvədə olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının dərəcəsi dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aylıq gəlir 200 manata qədər olduqda isə sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyib. Aylıq gəliri 200 manatdan çox olduqda sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 %-i, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 %-i qədər sosial sığorta haqqı tutulub.
Layihəyə əsasən, gələn il yanvarın 1-dən aylıq gəlir 200 manata qədər olduqda məcburi dövlət sosial sığorta haqqının tutulması qaydası hazırkı kimi olacaq. Aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.
Gələn ildən aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. Beləliklə, bu halda sosial sığorta haqqı dərəcəsi ümumilikdə 21 % olacaq.







