19 C
Baku
Friday, November 7, 2025

“Tesla” səhmləri İlon Maskın bir trilyonluq bonusuna zəif reaksiya verib

“Tesla” səhmdarlarının yığıncağında iştirak edənlərin 75%-dən çoxu şirkətin təsisçisi İlon Maska 1 trilyon dollarlıq kompensasiya paketinin verilməsini dəstəkləyib. Bu paket 10 il müddətinə hesablanıb və çox iddialı hədəflərə çatmağı nəzərdə tutur, eyni zamanda Mask üçün dünyanın ilk trilyoneri olmaq yolunu açır. Böyük səhmdarların etirazları isə ciddi rol oynamayıb.

Daha əvvəl şirkətdən getməklə hədə-qorxu gələn Mask “Tesla”da qalmağa qərar verib və investorları “Tesla səhmlərini saxlamağa” çağırıb. Lakin buna baxmayaraq, şirkətin səhmləri bazar bağlandıqdan sonrakı ticarətdə 2%-dən az artıb.

Maskın bonus paketi mərhələlərə (tranşlara) bölünüb və onların ödənişi əsas göstəricilərə (KPI) nail olmaqdan asılıdır. Son göstərici 8,5 trilyon dollarlıq bazar kapitallaşmasıdır. Lakin ilk tranşın açılması üçün “Tesla”nın kapitallaşması 2 trilyon dollara çatmalı və bir sıra hədəflərdən ən azı birinə nail olunmalıdır.

Hədəf kapitallaşmaya çatmaq üçün “Tesla” səhmlərinin hazırkı qiymətindən 466% artması tələb olunur. “Bloomberg” milyarderlər reytinqinə əsasən, Mask artıq dünyanın ən varlı insanıdır — onun sərvəti təxminən 473 milyard dollar təşkil edir.

Yığıncaqda Mask robototexnika və süni intellektin inkişaf perspektivlərinə xüsusi diqqət ayıraraq bildirib ki, insanabənzər robotlar tarixdə “ən böyük məhsul” olacaq. Bununla belə, bu texnologiyalar hələ inkişaf mərhələsindədir və şirkət cari ildə satışların və mənfəətin azalması ilə üzləşib. Mask vurğulayıb ki, o, şirkət üzərində daha çox nəzarətə sahib olmaq üçün əlavə səhmlərə ehtiyac duyur, daha da varlanmaq istədiyinə görə yox.

Son xəbərlər
Digər xəbərlər