Rusiya tərəfindən 8 noyabr gecəsi həyata keçirilən son hücum müharibə başlayandan bəri Ukraynanın enerji sektoruna qarşı ən ağır zərbə olub.
Bu barədə Ukraynanın energetika nazirinin birinci müavini Artem Nekrasov bildirib.
Nazir müavini qeyd edib ki, enerji obyektlərinə zərbə üçün əsasən ballistik raketlərdən istifadə edilib və bu tip raketlərin məhv edilməsi son dərəcə çətindir. Hücum zamanı 45 raketdən 32-si ballistik olub, enerji istehsalı və paylayıcı obyektlərə eyni vaxtda zərbələr endirilib.
Artem Nekrasov nəzərə çatdırıb ki, hazırda enerji mütəxəssisləri sistemin sabitləşdirilməsi üzərində işləyirlər, lakin bu prosesin tam bərpası üçün vaxt tələb olunur. Nazir müavini zərərin həcmini açıqlamasa da, enerji istehsalının böyük bir hissəsinin hücum nəticəsində sıradan çıxdığını qeyd edib.
Ən ağır vəziyyət Xarkov, Sumı və Poltava vilayətlərində müşahidə olunub.








