Almaniya Daxili İşlər Nazirliyi (DİN) əfqanıstanlı miqrantları müəyyən məbləğ qarşılığında öz vətənlərinə yollamaq niyyətindədir. Bu məqsədlə o, əfqanlara müvafiq təkliflə elektron məktublar göndərməyə başlayıb.
Bu barədə noyabrın 5-də “Tagesschau” yazıb.
“Təqribən gecəyarısı Almaniyanın artıq bizi qəbul etmək istəmədiyinə dair məktub aldıq. Təklifə razılaşacağımız təqdirdə bizə kompensasiya təklif olunurdu”, – deyə miqrantlardan biri nəşrə bildirib.
Bununla da Almaniya hökuməti öz vətənlərində təqib oluna biləcək əfqanların qəbulu proqramlarını məhdudlaşdırmaq qərarına gəlib.
Federal hökumətin təklifini düşünmələri üçün immiqrantlara noyabrın 17-dək vaxt verilib. Müxtəlif hesablamalara görə, 600-700 nəfər elektron məktub alıb. Onların arasında vətəndaş cəmiyyətinin nümayəndələri, məsələn, qadın hüquqlarını müdafiə edənlər, keçmiş məmurlar, hərbçilər və onların ailələri var.
Bildirilir ki, Almaniya DİN-dən gələn təklifdə müavinətin ödənilməsi, Əfqanıstana qayıtdıqdan sonra dolanışığa yardım nəzərdə tutulur.
Amma Almaniyada qalmaq qərarına gələnlərin taleyinin necə olacağı barədə məlumat verilmir.








