“Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təklif etmişik ki, minimum əmək haqqı gəlir vergisindən azad edilsin”.
Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, bu il özəl sektorda əmək haqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların (2500 manata qədər maaş alan) əmək haqqından üç faiz vergi hesablanacaq.
“Həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır. Əgər özəl sektorda çalışan vətəndaşımızın əmək haqqısı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır. Eyni zamanda dövlət sektorunda oxşar praktika tətbiq olunur. Bu, o deməkdir ki, minimum əmək haqqı – yəni 400 manat əmək haqqı alan vətəndaşımızın maaşı da vergiyə cəlb olunacaq. Dövlət sektorunda vergi uzun müddətdir ki, tətbiq olunurdu.
Bu baxımdan biz təklif edirik ki, minimum əmək haqqı alan vətəndaşlarımızın maaşları vergidən azad olunsun. Nəzərə almaq lazımdır ki, minimum əmək haqqı alan vətəndaşlarımızın gəlirləri yüksək deyil, onların sosial baxımdan təminatı və müdafiəsi bu gün həyata keçirilən siyasətin əsas hədəflərindəndir. Həmin əmək haqlarının vergidən azad edilməsi nəticə etibarilə həmin vətəndaşlarımızın sosial təminatı baxımından vacib ola bilər. Bir çox ölkələrdə minimum əmək haqqı vergidən azaddır. Oxşar praktikanın Azərbaycanda da tətbiqinə imkan yarada bilər”.







