13 noyabrda texnologiya şirkətlərini izləyən NASDAQ indeksi 2,3% azalaraq ticarəti mənfi zonada bağlayıb. S&P 500 və Dow Jones indeksləri də təxminən 1,7% geriləyib. Bu, ABŞ-nin bir çox texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Nvidia-nın səhmləri 3,7%, Alphabet — 2,9%, Amazon — 2,7%, Microsoft — 1,5% dəyər itirib. Xüsusilə bundan əvvəl sürətlə bahalaşan Oracle korporasiyasının səhmləri 4,1%, Tesla-nın səhmləri isə 6,6% aşağı düşüb.
Mütəxəssislər bir sıra səbəblərə diqqət çəkirlər. Onlardan biri — bir çox investorlarda yüksək texnologiya, xüsusən də süni intellekt sahəsində çalışan şirkətlərin səhmlərinin həddindən artıq bahalaşdığı və yaxın vaxtlarda ucuzlaşa biləcəyi barədə yaranan narahatlıqdır. Məsələn, Oracle-ın səhmləri ilin əvvəlindən bəri bulud xidmətlərinə artan tələbat fonunda demək olar üçdə bir yüksəlib. Süni intellekt üçün qabaqcıl çiplərin ən böyük istehsalçısı Nvidia-nın səhmləri isə ilin əvvəlindən 40% bahalaşıb. Digər amil treyderlərin FED-in dekabrda əsas faiz dərəcəsini azaldacağına ümid etməsidir.
Bundan əlavə, 43 gün davam edən “şatdaun” dövründə dövlət qurumları iqtisadi göstəriciləri dərc etmirdi və indi investorlar bu məlumatların gözləniləndən daha pis ola biləcəyindən narahatdırlar. “Son 40 günü qaranlıqda keçirdik, indi isə birdən-birə çox böyük həcmdə məlumat gələcək”, — deyə Schroders şirkətindən investisiya meneceri Mina Krişnan qeyd edir.







