Orxan Nəzərli: Son 7 ildə fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5-6 faiz artıb

Hazırda ölkədə 880 mindən çox aktiv vergi ödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir. Bu göstəricilər iqtisadiyyatın genişlənməsinin birbaşa nəticəsidir.

Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət Vergi Xidmətinin rəisi bildirib ki, son 7 ilin göstəricilərinə nəzər salsaq, ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67 faizdən 80 faizə yüksəlib. Bu, kifayət qədər əhəmiyyətli artımdır: “Biz yalnız dövlət büdcəsindəki mütləq göstəricilərə deyil, həm də vergi daxilolmalarının ümumi daxili məhsuldakı payına diqqət yetiririk. Həmin dövrdə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 9,4 faizdən 12,7 faizə yüksəlib”.

“Qeyd etmək istərdim ki, bu göstərici yalnız vergi daxilolmalarını əhatə edir. Beynəlxalq metodologiyaya əsasən fiskal yük hesablanarkən gömrük daxilolmaları və sosial ödənişlər də nəzərə alınır. Həmin yanaşma əsasında hesablamalar göstərir ki, son 7 il ərzində fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5-6 faiz artıb. Başqa sözlə, iqtisadiyyat artsa da, vergi daxilolmaları daha yüksək templə yüksəlib.

Bu nəticələrin əsas səbəbi sahibkarların könüllü vergi öhdəliklərini daha geniş şəkildə yerinə yetirməsidir. Biznes subyektləri artıq fəaliyyətlərini leqal müstəvidə qurmağı daha əlverişli hesab edirlər. Həyata keçirilən islahatlar və tətbiq olunan stimullaşdırıcı mexanizmlər də öz müsbət nəticəsini verir.

Göstərilən 5-6 faizlik artımın strukturuna baxdıqda görürük ki, bunun təxminən 2-3 faizi sosial ödənişlərin artımının payına düşür. Artımın digər əhəmiyyətli hissəsi isə mənfəət vergisi və əlavə dəyər vergisi üzrə daxilolmaların artımı hesabına formalaşıb.

Sosial ödənişlərdə müşahidə olunan artım, ilk növbədə, 2019-cu ildən tətbiq edilən əmək gəlirlərinə dair yeddiillik vergi güzəştlərinin və Dövlət Vergi Xidmətində həyata keçirilən rəqəmsal transformasiya tədbirlərinin nəticəsi kimi qiymətləndirilə bilər”, – deyə Orxan Nəzərli əlavə edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər