Yaponiya ölkədə yaşayan əcnəbilərin sayının artması fonunda gələn maliyyə ilindən xarici rezidentlər üçün viza haqqını əhəmiyyətli dərəcədə artıracaq.
İllik və daha çox müddətə daimi yaşayış icazəsinin yenilənməsinin rüsumu 6 min yendən 40 min yenə (təxminən 250 ABŞ dollarına) qaldırılacaq. Daimi yaşayış icazəsinin əldə olunması üçün tələb olunan 10 min yen dəyərindəki rüsum isə 10 dəfə artırılacaq. Hökumət vizalardan əldə olunacaq əlavə gəlirləri multikulturalizmə dəstək siyasətinin gücləndirilməsinə yönəldəcək.
Yeni viza rüsumlarının qərb ölkələrinin standartlarına uyğun olacağı gözlənilir. Bildirilir ki, Baş nazir Sanae Takaiçi ayın əvvəlində hökumətin xarici siyasət məsələlərinə dair iclasında viza ödənişlərinin inkişaf etmiş ölkələrin tələblərinə uyğun olaraq artırılması barədə göstəriş verib.
Qeyd edək ki, Yaponiya miqrasiya qurumunun məlumatına görə iyun ayının sonuna ölkədə yaşayan xarici vətəndaşların sayı rekord həddə (3 milyon 956 min nəfər) çatıb.






