Azərbaycanda indən sonra yeni iş yeri açan, və yaxud da əmək haqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, sadələşdirilmiş verginin həcminin 200 mindən 400 minə qədər artırılması və bunun nağdsız ödənişlərə bağlanması bir mühüm bir yenilikdir: “Hazırda Azərbaycan dövlət büdcəsi gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı isə gömrük ödənişləri hesabına formalaşır. Gürcüstan dövlət büdcəsində dövlət büdcə gəlirlərinin hər 100 manatının 78 manatı vergi hesabına formalaşır. Türkiyənin dövlət büdcəsində hər daxil olan 100 manatın 86 faizi dövlət vergilərinin hesabına formalaşır. Yəni Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və bu istiqamətdə dövlətin iqtisadi siyasətini həqiqətən də sosial olduğunu deməyə bir də əsas verir. Amma bu o deməkdir ki, biz bu istiqamətdə vergi dərəcələrini deyil, vergi bazasının artması yönündə də müəyyən işlər görmək lazımdır. Biz hər zaman vergi güzəştləri, vergilərin azad olunması ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsindən gəlirlərdən 7,3 milyard manat həcmində azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyardı gömrükdən azadolmalardır, 3,8 milyardı isə sahibkarlıqdan azadolmalardır. Bu dövlət büdcəsi gəlirlərinin 20%-ə yaxındır. Belə halda istənilən bir vergidən güzəştlər məqsədli və müddətli olur. Məqsədimiz də aydındır, vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması ilə bağlıdır. Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılması ilə bağlıdır: “Təklif etmək istəyərdim ki, Azərbaycanda indən sonra yeni iş yeri açan, və yaxud da ki, əmək haqqını artıran sahibkarlara ən azı bir il müddətinə bütün vergilərdən 50% güzəşt tətbiq olunsun. İkincisi, Azərbaycanda indi universiteti qurtaran, universiteti qurtarıb ilk dəfə əmək bazarına daxil olan insanlara da vergi güzəştləri tətbiq etmək lazımdır ki, bu məşğulluqda daha çox effekt versin”.







