Dünyada qəhvənin qiymətləri cümə günü kəskin aşağı düşüb. Buna ABŞ Prezidenti Donald Trampın Braziliyadan idxal olunan kənd təsərrüfatı məhsullarına, o cümlədən qəhvə və kakaoya tətbiq edilən 40 faiz rüsumları ləğv etməsi səbəb olub. Rüsumların ləğvi amerikalı istehlakçıların ərzaq məhsullarının yüksək qiymətlərindən artan narazılığı fonunda baş verib.
“Reuters/Ipsos”un sorğusunun nəticələrinə əsasən, ABŞ-da pərakəndə qəhvə qiymətləri sentyabr ayında illik ifadədə 40 faiz artıb ki, bu da qismən rüsumlarla bağlı idi. Ərzaq məhsullarının bahalaşması Trampın hakimiyyətə qayıdışından bəri etimad reytinqinin ən aşağı səviyyəyə enməsinə səbəb olan əsas amillərdən biri olub.
Trampın Braziliya idxalına qoyduğu rüsumların ləğvi ilə bağlı qərarı, keçən cümə günü açıqladığı və qəhvə də daxil olmaqla istehsalçı ölkələrdən idxal olunan bir çox kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumların azaldılmasını nəzərdə tutan analoji sərəncamın ardınca verilib. Dünyanın ən böyük qəhvə istehsalçısı olan Braziliya öz qəhvə ixrac həcminin təxminən üçdəbirini dünyanın ən böyük qəhvə istehlakçısı olan ABŞ-a tədarük edir.
Qrinviç vaxtı ilə saat 10:17-də ICE birjasında arabika qəhvəsinin fyuçerslərinin qiyməti 4,6 faiz azalaraq bir funt üçün 3,5925 dollara düşüb. ICE birjası dünyanın fiziki qəhvənin qiymətlərinin müəyyən edilməsi üçün əsas göstərici kimi qəbul olunur.
Bununla belə, arabika məhsulu hələ də defisit olaraq qalır, birja sertifikatları və ehtiyat həcmləri aşağı səviyyədədir, sektor təchizat çatışmazlığı ilə üzləşir və bu səbəbdən alıb saxlamağa məcbur qalır. Həmçinin La-Ninya hadisəsi ilə bağlı hava şəraiti riskləri də qüvvədə qalmaqdadır.







