“Lukoyl” şirkətinin Bolqarıstandakı aktivlərini ölkə hökuməti ala bilər.
Banker.az xəbər verir ki, bu barədə “24 saat” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hakim çoxluqdan olan parlament üzvləri Bolqarıstan İnkişaf Bankı (BDB) vasitəsilə ölkə büdcəsində dövlət zəmanətlərinin əhəmiyyətli dərəcədə – 3,8 milyard avrodan 5,8 milyard avroya qədər artırılması üçün parlamentə təklif təqdim ediblər. Təklif yaxın günlərdə nəzərdən keçiriləcək.
Qəzet qeyd edib ki, bu zəmanətlər neft və onun emalı ilə bağlı iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi haqqında qanuna uyğun olaraq səhmlərin və ya payların alınması zərurəti yarandığı halda tətbiq oluna bilər. Söhbət respublikada “Lukoyl”un aktivlərinin alınmasından gedir.
Məlumata görə, əgər təklif qəbul olunarsa, büdcə vasitəsilə dövlət zəmanətləri təmin ediləcək və Bolqarıstan İnkişaf Bankı vasitəsilə şirkətin ölkədəki aktivlərinin və ya kapital paylarının alınmasına maliyyələşmə ayrılacaq.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların törəmə strukturlarını yeni anti-Rusiya sanksiyaları paketinə daxil edib. Bu sanksiyalar noyabrın 21-dən tam qüvvəyə minir







