Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”na dəyişikliyi təsdiqləyib.
Banker.az xəbər verir ki, Qərara əsasən, Qaydanın 3.6-cı bəndinə yeni 3.6.1-1-ci yarımbənd əlavə olunub.
Yeni müddəaya görə, xarici valyutada verilmiş kreditlər üzrə təminat kimi kreditin valyutasından fərqli, lakin yalnız avro, funt sterlinq, ABŞ dolları, yapon yeni və İsveçrə frankında olan pul vəsaitləri qəbul olunduqda, bu təminat kredit tələbinin müəyyən hissəsinin təmin olunmuş hesab edilməsinə imkan verir. Belə ki, müddəti bir ilədək olan kreditlərdə həmin təminatın 80 faizinədək, bir ildən çox olan kreditlərdə isə 70 faizinədək hissəsi təmin olunmuş kimi tanınacaq.
Bu dəyişiklik Qaydanın 3.6-cı bəndinə daxildir və bu bəndə əsasən, aidiyyəti şəxslərə qarşı müəyyən kredit tələbləri 3.3-cü bənddəki normativlərin hesablanmasına daxil edilmir. 3.3-cü bənd isə bankların aidiyyəti şəxslərə qarşı kredit tələblərinin ümumi miqdarı üçün müəyyən olunmuş maksimum hədləri tənzimləyir.
Xatırladaq ki, “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” bankların aidiyyəti şəxslərə (sahiblər, rəhbərlər, əlaqəli qruplar) verdiyi kreditlərdə risklərin qarşısını almaq və bu şəxslərə qarşı kreditləşmənin həddini sərtləşdirməkdir.







