2025-ci ilin sonunda “Apple” smartfonlarının satışı 243 milyon, “Samsung” smartfonlarının satışı isə 235 milyon ədəd olacaq. Bu barədə “Counterpoint Research” tədqiqat şirkəti bildirib. Əgər proqnoz təsdiqlənərsə, “Apple” 14 ildən sonra ilk dəfə “Samsung”u satışlarda geridə qoyacaq və qlobal smartfon bazarında lider olacaq.
“Counterpoint” analitikləri proqnozlaşdırırlar ki, ümumilikdə 2025-ci ildə dünya smartfon satışları 3,3% artacaq. “Apple” xüsusilə güclü artım göstərəcək — 9%, bununla da şirkətin bazar payı 19,4%-ə çatacaq. “Samsung”un satışları isə il ərzində 5% artacaq və bazar payı 18,7% təşkil edəcək. Çin smartfonlarının satışı isə ən zəif artımı göstərəcək — dörd ən böyük istehsalçı (“Xiaomi”, “Transsion”, “Vivo” və OPPO) üzrə orta artım cəmi 1,7% olacaq.
“Counterpoint” qeyd edir ki, “Apple”ın yüksək nəticələri ilk növbədə yeni iPhone 17-yə olan güclü tələblə bağlıdır. “iPhone 17-nin bazar tərəfindən çox yaxşı qarşılanmasından başqa, satış artımına təsir edən əsas amil smartfonu dəyişmə dövrünün yetişməsidir. COVID-19 dövründə smartfon alan istehlakçılar indi cihazlarını yeniləmək mərhələsinə çatırlar”, — deyə “Counterpoint”in baş analitiki Yan Van bildirib.







