Uoll-Stritin iri investisiya bankları 2026-cı il üçün inkişaf etməkdə olan ölkələrin bazarları ilə bağlı nikbin proqnozlarını qoruyub saxlayır. “Bloomberg” qeyd edir ki, ABŞ dollarının zəifləməsi və süni intellekt sahəsində investisiyaların partlayışvari artımı bu aktiv sinfinin xeyrinə işləyəcək.
Gözlənilir ki, sadalanan amillər inkişaf etməkdə olan bazarların cari ildə nümayiş etdirdiyi artımı daha da gücləndirəcək. Yerli valyutada nominasiya olunan istiqrazların gəlirliliyi 7% təşkil edib ki, bu da 2020-ci ildən bəri ən yaxşı göstəricidir. “MSCI Emerging Markets Currency” indeksi — inkişaf etməkdə olan bazarların valyutalarının ABŞ dollarına nisbətdə dəyişməsini əks etdirən indeks — 6%-dən çox artıb, “Bloomberg” qeyd edir.
“Morgan Stanley” analitikləri hesab edirlər ki, ABŞ iqtisadiyyatının yavaşlaması fonunda Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha da endirəcəyi ehtimalı səbəbindən ralli davam edəcək. Bank inkişaf etməkdə olan ölkələrin valyutalarında olan borc kağızlarında uzun mövqeləri saxlamağı tövsiyə edir və onların gəlirliliyini 2026-cı ilin ortalarına 8% səviyyəsində proqnozlaşdırır. Dollarla olan aktivlər üzrə isə növbəti 12 ay ərzində “yüksək birrəqəmli artım” gözləyir. “Morgan Stanley”nin inkişaf etməkdə olan bazarlar üzrə valyuta strategiyası rəhbəri Ceyms Lord qeyd edir ki, FED-in dərəcələri azaltması dolları zəiflədəcək, bu isə ABŞ xəzinə istiqrazlarının gəlirliliyini aşağı salacaq və inkişaf etməkdə olan bazarlar üçün daha əlverişli şərait yaradacaq.
“Bloomberg” əlavə edir ki, proqnoz həmçinin dolların zəifləməsinə qarşı inkişaf etməkdə olan ölkələrin valyutalarının möhkəmlənməsindən asılıdır. Agentliyin səkkiz inkişaf etməkdə olan ölkənin valyutası üzrə dollarla qısa mövqelərin maliyyələşdirilməsi çərçivəsində kerri-treyd gəlirliliyini izləyən indeksi 2025-ci ilin əvvəlindən 12%-dən çox artıb. “Bloomberg” yazır ki, bu, 2008-ci il qlobal maliyyə böhranından bəri ən yaxşı nəticədir.
“JPMorgan Chase & Co.” inkişaf etməkdə olan bazarlar üçün əlavə dəstək mənbəyi kimi süni intellekt sahəsində böyük kapital xərclərini vurğulayır. Onun proqnozuna görə, ABŞ-də süni intellekt ilə bağlı kapital qoyuluşları 2028-ci ilə qədər 628 milyard dollara çatacaq. “JPMorgan” qeyd edir ki, bu, texnoloji ixracın artması və metallara tələbin yüksəlməsi hesabına inkişaf etməkdə olan ölkələrin bazarlarını dəstəkləyəcək. Strateqlər növbəti il inkişaf etməkdə olan bazarların borc kağızları ilə təmin edilən fondlara 40-50 milyard dollar həcmində vəsait axını gözləyirlər.








