“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2025-ci ilin 9 ayını 8.3 milyon manat xalis mənfəət əldə edib. Halbuki, öncəki ilin eyni dövründə 5.8 milyon manat idi. Bu da təxminən 43% artımdır.
Banker.az xəbər verir ki, şirkətin cəmi gəlirləri 53.6 milyon manatdan 67.8 milyon manata qalxıb. Artım 14.2 milyon manat və ya təxminən 27% təşkil edib. Əsas əməliyyat gəlirləri 64.0 milyon manatdan 81.3 milyon manata yüksələrək təxminən 27% artım göstərib. İnvestisiya gəlirləri isə 4.3 milyon manatdan 4 milyon manata düşərək təxminən 7% azalıb.
Xərclər də əhəmiyyətli dərəcədə yüksəlib. Cəmi xərclər 46.3 milyon manatdan 57.4 milyon manata qalxıb və bu, təxminən 24% artım deməkdir. Əsas əməliyyat xərcləri 39.4 milyon manatdan 49.7 milyon manata yüksəlib (illik: 26% artım). İşlərin aparılması xərcləri 6.8 milyon manatdan 7.6 milyon manata qalxıb (11% artım).
Şirkətin həyat sığortası üzrə fəaliyyəti də genişlənib. Hesablanmış sığorta haqları 63.9 milyon manatdan 81.2 milyon manata yüksələrək təxminən 27% artıb. Sığorta ödənişləri 40.3 milyon manatdan 47.5 milyon manata qalxıb və bu, təxminən 18% artım deməkdir.






