Qazaxıstan Milli Bankı qızıl-valyuta ehtiyatlarının tərkibində kriptorezerv yaratdığını və artıq 2025-ci ildə rəqəmsal aktivlərə investisiya qoymağa başlayacağını açıqlayıb. Potensial investisiya həcmi 300 milyon dollara qədər qiymətləndirilir. Bu barədə tənzimləyicinin rəhbəri Timur Süleymenov məlumat verib.
“Birinci mərhələdə qızıl-valyuta ehtiyatlarından investisiya edəcəyik, biz onları idarə edirik. Alternativ portfel də var, burada daha innovativ və yüksək gəlirli alətlər cəmlənib. Həmin portfel çərçivəsində ayrıca bir portfel yaradılıb — əslində bu, kriptorezerv deməkdir — burada yüksək texnologiyalı səhmlərə və rəqəmsal maliyyə aktivləri ilə bağlı digər maliyyə alətlərinə investisiyalar cəmləşəcək. Məbləğ — 300 milyon dollara qədər”, – Süleymenov söyləyib.
Süleymenov dəqiqləşdirib ki, investisiya qərarları tədricən və yalnız diqqətli təhlildən sonra qəbul ediləcək:
“Biz tələsib düşünülməmiş qərarlar vermirik, biz hüquqi və infrastruktur bazanı yaratdıq ki, lazım olduğu zaman qərar qəbul edə bilək. Amma ciddi təhlil olmadan heç bir qərar qəbul etməyəcəyik. (…) Bu, o demək deyil ki, 300 milyon dolları götürüb yerləşdirəcəyik, bəlkə 50 milyonla kifayətlənəcəyik, bəlkə 100 milyon olacaq, bəlkə də 250 milyon”.
O həmçinin son vaxtlar bazarda baş verən geriləmə fonunda ehtiyatlı yanaşmanın vacibliyini vurğulayıb:
“Əgər yaxşı investisiyalar olarsa, prinsip etibarilə biz bunu ilin sonuna qədər də edə bilərik, amma daha çox növbəti ildən başlamaq istərdik. Bütün rəqəmsal, maliyyə və kriptoaktivlərin dəyərinin düşməsindən sonra bu “tozun” çökməsinə imkan vermək lazımdır və yalnız bundan sonra ən perspektivli aktivlərə investisiya qərarı qəbul edilməlidir. Hər hansı trenddə olanlara yox, gəlirliliyinin artması ehtimalı olanlara”.






