®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və “Deloitte Azərbaycan”ın sponsorluğu ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2026” biznes müsabiqəsi çərçivəsində növbəti inkişaf yönümlü tədbir keçirilib.
Tədbirdə proqramın hazırkı mərhələsi, qiymətləndirmə modeli və qarşıdakı kouçinq sessiyalarının əsas istiqamətləri təqdim edilib. Komandaların inkişaf ehtiyacları, liderlik bacarıqlarının gücləndirilməsi və beynəlxalq “Best Managed” standartlarına uyğunlaşma mövzuları müzakirə olunub.
“PAŞA Bank”ın korporativ və institusional bankçılıq üzrə aparıcı direktoru Heydər Süleymanov çıxışında proqramın ölkədə idarəetmə mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulayıb:
“PAŞA Bank olaraq sağlam biznes mühitinin formalaşmasını və şirkətlərimizin regional və qlobal miqyasda rəqabətqabiliyyətliliyinin artmasını daim prioritet hesab edirik. Deloitte ilə tərəfdaşlığımız da məhz bu dəyərlərə xidmət edir.”
Görüşdə əvvəlki illərin qalibləri – “Metak” və “Azərsun” – təcrübələrini bölüşərək proqramın biznes proseslərinin transformasiyasına və korporativ idarəetmənin gücləndirilməsinə verdiyi real faydaları təqdim ediblər.
Müsabiqə üçün qeydiyyat davam edir. Son müraciət tarixi – 5 dekabr.











