Peyk təsvirləri üzərindən Xəzər dənizinin sahil xəttinin monitorinqlərini aparırıq. Suyun geri çəkildiyi əraziləri və nə qədər torpağın suyun altından çıxdığını müəyyənləşdiririk. Ən çox çəkilmə dayaz olduğuna şimal hissədədir. Son 20-25 il ərzində 70 kilometrdən çox geri çəkilmə var. Xəzəryanı ərazilərdə suyun ən çox çəkilməsi Qazaxıstanda müşahidə olunur. Qazaxıstan və Rusiyanın şimal hissəsində orta dərinlik 5 metrdir. Bunun əslində iqtisadi zərərləri də var. Neft sənayesi, gəmiçilik ziyan çəkir, limanların rekonstruksiyasına və daim təmizlənməsinə ehtiyac yaranır.
Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin CİS mərkəzinin direktoru İsmət Baxışov deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən çox geriçəkilmə Qızılağacdadır: “Ümumiyyətlə isə Xəzər dənizinin Azərbaycan sahillərində suyun geri çəkilməsi nəticəsində 700 kvadrat kilometr ərazi suyun altından çıxıb. Əgər prosesə müdaxilə edilməsə və gəmilər üçün yer açılmasa, Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər.
Xəzər dənizinin səviyyə dəyişməsi ilə yanaşı, su səthinin temperaturu və fitoplanktonların dəniz üzərində paylanması, onların sıxlığına dair də monitorinqlər aparılır. Müşahidələr göstərir ki, Xəzər dənizində su səthinin temperaturu qalxır. Son 15 il ərzində 1 dərəcəyə qədər artım var. Volqa çayından su çox gələndə fitoplanktonların dənizdə paylanması çox olur ki, bu da balıqların yaşaması üçün vacibdir. Su azalır deyə onların sahəsi də azalır. Su dayazlaşdıqca duzluluğun artması fitoplanktonlara, bioaləmə təsir göstərir.
Biz Volqa hövzəsini də monitorinq edirik. Çünki Xəzərə 85 faiz su həmin hövzədən gəlir. Volqa hövzəsindən gələn suyun həcminin azalması və buxarlanmanın artması nəticəsində Xəzər dənizinin hər il səviyyəsi orta hesabla 20-25 santimetr enir. Bu davamlı şəkildə gedir. Əgər proses bu cür davam edərsə, səviyyə ilə bağlı beşillik, onillik proqnoz vermək mümkündür. Biz azalma nəticələri ilə yanaşı, buna səbəb olan amillərə də baxa bilirik”.







