İqtisadiyyatımız bu ilin ilk rübündə 0.3 faiz azalıb. Yəni, -0.3%. Müqayisə üçün bir neçə ölkəyə baxaq. ABŞ və Britaniya 0.5% (hər ikisi doymuş iqtisadiyyatlardır və illik böyümə hədəfləri 2% ətrafındadır), Çin 5%, keçmiş sovet respublikalarından Qazaxıstan 3%. Açıqlanmayan, lakin proqnozlaşdırılan böyümə hədəfləri ilə Özbəkistan 7.7%, Ermənistan 5.4%, Gürcüstan 5.5%. Ən son statistik göstəricilər və hesablamalar bu proqnozların maksumum, ən pis halda 0.5% bəndi az və ya çox olacağını göstərir. Deməli, öncəki məqaləmdə vurğuladığım bir hipotez özünü bir daha doğruldur. İnkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində. Məsələn, ABŞ üçün 5% böyümə iqtisadiyyatı üçün ciddi qızma siqnalı deməkdir, Çin üçün isə əksinə, 5%-dən az böyümə ciddi kiçilmə və durğunluğa daxil olma siqnalı hesab olunur. Ona görə 5 illik proqramlarında da böyümə hədəfini 5% və üzərində saxlamaqdır. Nəticə olaraq, ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi və bu hədəf üzrə proqramların tərtibi (elə proqramların özü və strukturu da) yanlışdır. Çünki, 3% böyümə hədəfi inkişaf etməkdə olan bir iqtisadiyyat üçün kiçilmə deməkdir. Son 10 il ərzində bu məsələni dəfələrlə qabartsam da, diqqətdən kənarda qalmışdır. Düşünürəm ki, bu dəfə 5%-dən az hədəfin qoyulmasının təhlükələri dar çərçivələrdə ciddi müzakirə olunar. Hətta bir dəfə təklif etdim ki, xaricdən ən güclü iqtisadçılardan birini dəvət edək və ya gedək həmin ölkəyə, oturub bu və aşağıda toxunacağım və toxunmadığım bir sıra makroiqtiasdi göstəricilər və yanaşmalarla bağlı fikir mübadiləsi aparaq. Əgər yanlış düşünürsünüz desələr, mən iqtisadiyyat sahəsindən ömürlük gedərəm.
Keçək növbəti məsələyə. 2026-cı ilin fevral ayına pul dövriyyəsi 2.83-dür. Təəssüf ki, bu dövriyyə haqqında və nəyi ifadə etməsi haqqındakı rəylər hətta bir çox iqtisadçılar tərəfindən də səthi, zəif, hətta yanlış olmuşdur.
Bu göstərici nəyi ifadə edir? ÜDM-nin M3 (geniş pul kütləsi) pul aqreqatına olan nisbəti pulun qeyd olunan dövr (2026, fevral) ərzində əl dəyişmə sürətini göstərir. Burada hətta iqtisadçıları da çaşdıran məqamlar var ki, yanlış şərhlərin də səbəbləri incəliklərdə gizlənir. Bu nisbət ÜDM-nin M3-ə (geniş pul kütləsinin, yəni nağd pul + banklardakı cari hesablar + manatla müddətli depozitlər + xarici valyutada olan depozitlər) nisbətidir, təkcə M0-a (dövriyyəyə buraxılmış nağd pul) nisbəti deyil. Bu göstərici əslində geniş pul kütləsinin iqtisadiyyatda rolunu və iştirakını göstərir. Digər ölkələrin rəqəmlərinə baxaq. ABŞ-də bu rəqəm 1.4, Çində 1.6, Türkiyədə 1.2, Özbəkistanda 2.5 (azalır və bu gedişatla tədricən daha da azalacaq), Qazaxıstanda 1.3, Britaniya 1.2, Xorvatiya 1.1, Cənubi Koreya 1.5, Argentina 2.7 (yüksək olmasının səbəblərindən biri oradakı yüksək inflyasiyadır. Nəticədə əhali daha az nağd pul saxlayır və ya daha az depozit yatırır), Braziliya 1.3. Bu göstərici əsasən iqtisadiyyatda bank sektorunun rolunu, pulun iqtisadiyyatdakı iştirak həcmini, yastıqaltı vəsaitlərin (iqtisadiyyatdan kənar pul) həcmini və sair görməyə və təhlil etməyə imkan verir. Yəni, M3 nə qədər çox olarsa iqtisadiyyatda, əhalidə olan pulun iqtisadiyyatda iştirak həddini göstərir. ÜDM surətdə yazılır, M3 məxrəcdə. ÜDM/M3. M3 həcmi çoxaldıqca (çox vacibdir) göstərici təbii ki, aşağı düşür. Analitik təhlildə bu göstərici çox şey deyir, hamısını qeyd etmədən şəffaflığın, bank sektoruna inamın səviyyəsini qeyd etməyim kifayətdir. Bir də var, ÜDM-nin M0-a (yəni, dövriyyəyə buraxılmış nağd pul kütləsi) nisbəti. Bir də var M3-ün M0-a nisbəti və M2-nin M0-a nisbəti. Mənim burada ölkələri təhlil edərkən bu nisbətlər sayəsində həmin ölkələrdəki mövcud iqtisadi aktivliyin və mühitin münbitliyi, şəffaflıq, yastıqaltı vəsaitlərin həcmi, hansı narahatedici və müsbət məqamları necə müəyyən etməyim haqqında burada yazmağa çalışsam məqalə deyil, kitab yazmalı olaram. Bircə cümlə ilə qeyd edim ki, iqtisadiyyatda dəyər zəncirinin zəif olması, idxaldan asılılıq, biznes mühitinin zəifliyi, hansı nisbətlər üzrə pul dövriyyəsinin sürətinin daha yüksək olmasının müsbət göstərici olması ÜDM-nin M0-a və M3 və M2-nin M0-a nisbətlərinin təhlili ilə müəyyən edilir.
Dollarlaşma vəziyyəti isə M3-ün M2-yə nisbəti ilə təhlil olunur. Qısası, monetar siyasət göstərici və alətləri ilə təhlillərdə diqqətli olmaq vacibdir. Bütün bunların düzgün təhlili bizə nəticədə bank sektoruna inamın hələ də aşağı olması (bu inamın artımı üçün Mərkəzi Bank və hökumət nə qədər tədbirlər görsə də (əmanətlərin sığortalanması, Mərkəzi Bankın kommunikasiyasının artması və sair) onlardan asılı olmayan digər səbəblər də çoxdur), M3 və M2-nin zəifliyi səbəbindən artan qiymətlərə görə məcburən M0-ın artırılmasına baxmayaraq davamlı pul çatışmazlığı və iqtisadi mühitin daralmasını, dəyər zəncirinin zəifləməsini, istehsal və emalın idxal təzyiqi altında əzilməsi və sair görürük. Bu məsələyə toxunmağımın 2 səbəbi var. Birincisi, hətta iqtisadçıların bir çoxunun yanlış təhlillərinə rast gəldim və bu məsələdə diqqətli olmaq vacibdir, ikincisi isə, bir iqtisadiyyatın kiçilməsi və böyüməsində pul aqreqatlarının rolu düzgün, təfsilatlı və peşəkar səviyyədə təhlil olunsa bir çox doğru diaqnozların qoyulması və düzgün reseptlərin formalaşdırılmasına yardım edər.
Bir vacib qeyddən sonra növbəti vacib məqama keçək. Monetar siyasətdə olduğu kimi fiskal siyasətdə də bir çox məqamlara yanlış baxışlar və təhlillər var. Monetar siyasət haqqında son 10-12 il ərzində çox danışıldığı üçün vəziyyət fiskal siyasətə nisbətən yaxşıdır. Təəssüf ki, ölkədə fiskal siyasəti yalnız büdcə xərcləmələri və ya vergilərin artırılıb azaldılması səviyyəsində görən peşəkarlara da rast gəlirik. Fiskal siyasət okeandır, təəssüf ki, biz onu dəniz deyil, hətta göl şəklində təsəvvür edirik.
İndi isə əsas sual. Bu yazı daha çox ekonometrik modellərlə işləyən analitik iqtisadçılar və iqtisadiyyat sahəsində olan qurumlar üçün olduğu səbəbindən bəzi texniki məsələlərə toxunacam. Birinci rübün 90 gününün 31 günü ərzində neft və qaz qiymətlərinin nəzərdə tutulduğundan 2 və hətta 2.5 dəfə baha, qalan 59 gün ərzində isə nəzərdə tutulan 65 dollar ətrafında satılmasına baxmayaraq iqtisadiyyat niyə 0.3 faiz kiçildi? Modelləşdirmə yolu ilə təhlil edək. (Hipotez) H0: resurs iqtisadiyyatı olduğumuz üçün iqtisadiyyatımızın artım və azalma tempi neft və qaz qiymətləri və neft və qazdan gələn ixrac gəlirlərindən (qeyd: neftin hasilatının və ixracının azalması və qazın hasilatının artması modeli poza və subyektivlik yarada biləcəyi üçün ÜDM-ni də manatla nəzərə aldığımız üçün dolların kursu ilə ixracdan gələn gəlirləri manat ekvivalenti ilə götürmək doğrudur) asılıdır və (hipotez) H1: asılı deyil. Müddət 2007-2010, 2011-2014, 2015-2019, 2020 və 2021-ci il pandemiya illərində kənarlaşmalardır və modeli pozacaq, çünki, iqtisadiyyata resurs qiymətlərindən əlavə qapanmalar da təsir etdiyi üçün götürmürük, 2022-2026 (1-ci rüb). Verilənlər olaraq (data) hər rüb üzrə ixrac gəlirlərini və ÜDM-ni götürürük. Çoxtərəfli reqresiya modeli qururuq və nəticədə nəyi görürük? 2006-cı ildən 2019-cu ilədək iqtisadi artım tempi (ÜDM) ilə neft-qaz ixracı arasındakı müsbət korelyasiya 2022-2026-cı ildə zəifləməyə (resurs iqtisadiyyatı olduğumuz üçün yüksək müsbət koreylasiya əlbəttə var və qalacaq, lakin zəifləmə göstəriciləri başqadır) başlayır. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbindən orta qiymətindən 7-10 dəfəyə yaxın baha satılan qaz və 100 dollardan baha satılan AzeriLight markalı neft qiymətləri ÜDM-ni 40 milyard manata qədər artırdı. Ən yüksək korelyasiyanı burada görürük, lakin 2024-dən başlayaraq 2025 və 2026-cı ilin birinci rübündə bu korelyasiyada zəifləmə görürük. Deməli müqayisə ilə desək, maşının (ölkənin) sürətlər qutusu (neft-qaz qiymətləri və ixracı) ilə mühərriki (iqtiadiyyatı, ÜDM-si) arasında əlaqə pozulur. Yəni, sürətlər qutusu 2-dən 3-ə hətta 4-ə dəyişilsə də, mühərrikdə sürət artımı yoxdur, əksinə zəifləmə var. Əgər, sürətlər qutusunu 2-dən 3-ə atdıqda mühərrik sürətlənmək əvəzinə zəifləyirsə deməli, ya sürətlər qutusu işləmir (amma bizdə bu istisnadır, işləyir), ya da mühərrikə təsir göstərən digər faktorlar var. Yəni, biz müəyyən etməliyik ki, neft-qaz qiymətlərinin iqtisadiyyata transmissiyası zəifləyib, yoxsa zəifləməyib, yoxsa sadəcə iqtisadiyyata digər siyasətlərin mənfi təsirləri artıb?
Mükəmməl təhlil bir deyil, bir neçə seqmentin, verilənin, faktorun bir-birlərini təsdiqləməsinin nəticəsində əldə edilən nəticədir. Bu səbəbdən keçək növbəti seqmentə. Məşğulluq. Görürük ki, ÜDM-də payı 40% olan sənayenin məşğulluqda payı 20%-ə yaxın (bu rəqəmlər 2023-də müvafiq olaraq 41% və 14% idi), ÜDM-də payı 51% olan xidmət sektorunun məşğulluqda payı 45%, ÜDM-də payı 9% olan kənd təsərrüfatının məşğulluqda payı 35%. Mədən sənayesində isə bu fərqlər daha yüksəkdir. ÜDM-də 33% payı olan mədən sənayesinin məşğulluqda payı cəmi 8%-dir. Rəqəmlər yuvarlaqlaşdırılıb. Bu rəqəmlər xam məhsul ixracının payının həddən artıq yüksək olması, istehsal və emalın zəif olmasını göstərir. Onu da qeyd edim ki, digər ölkələrdə bir sahənin ÜDM-də payı nə qədərdirsə, məşğulluqda da payı təxminən o qədərdir (3-5% bəndi fərqlə). Bu nisbətləri pozan ölkələr Səudiyyə Ərəbistanı, Qətərdir. Bunun da səbəblərindən biri də orada miqrantların çoxluğudur, resursun payının yüksək olmasıdır. Səudiyyə Ərəbistanında qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən tədbirlər nəticəsində bu nisbət fərqi azalmaqdadır. Məşğulluq məsələləri ilə davam etsək, burada da azı bir kitablıq məsələlər var. Qısaca olaraq, ölkəmizdə bu sahələrin ÜDM-də payları ilə məşğulluqdakı payları arasındakı nisbətin bu qədər kəskin pozulmalarını təhlil etsək bir çox məsələlər öz həllini tapar. Bu barədə fikirlərimi rəsmi olaraq 3 il öncə təqdim etdiyim üçün burada əks etdirməyə ehtiyac duymuram. Xidmət sektorundakı vəziyyət isə turizm sahəsindəki vəziyyəti ortaya qoyur. Yəni, bank/sığorta sahələrində rəqəmlər tam rəsmidir. Turizm sahəsi və həmin sahə ilə əlaqəli xidmət sektorundakı (hotellər, ictimai-iaşə və sair) rəqəmlər reallığı əks etdirmir, turizmə bağlı sahələr pərakənda turizmdən daha çox, müxtəlif dövlət və korporativ tədbirlərin hesabına fəaliyyətlərini davam etdirir. Turist sayı isə Rusiyadan buradakı ailəsinə 3-4 günlük baş çəkməyə, xeyir-şərdə iştirak etməyə gələnlərin hesabına çox görünür. Lakin, həmin şəxslərin hotel və ictimai-iaşə sahələrinə fayda və təsirləri çox deyil.
Keçək nəhayət doğma Qarabağımıza investisiya qoyuluşlarına. 2022-ci ildə bununla bağlı bir yazı yazmışdım. 1974-cü ildə Nobel mükafatı alan İsveç iqtisadçısı Gunnar Myrdal iqtisadiyyatda yoluxma effekti (spread effect) nəzəriyyəsini irəli sürmüşdü. BƏƏ daxil olmaqla bir çox ölkələrdə bu nəzəriyyə özünü doğrultdu. Bu nəzəriyyə deyir ki, əgər bir ölkədə bir iqtisadi sahə və ya bir region iqtisadi cəhətdən inkişaf edirsə bu inkişaf düzgün iqtisadi siyasət nəticəsində digər sahələrə də yoluxur və onları da inkişaf etdirir. Məsələn, bəzi ölkələr azad iqtisadi zonalar yaratmaq və inkişaf etdirməklə buradakı inkişafın bütün iqtisadiyyatlarına transmissiyasına nail oldular, bəzi ölkələr isə bir sahənin (məsələn, turizm) inkişafının transmissiyası ilə. Resurs məsələsi bir az fərqlidir, təsir səbəbləri və dərəcələri ölkələr üzrə kəskin dəyişir, ayrıca mövzudur və nahaq yerə “resurs lənəti” ifadəsi geniş yayılmayıb. Amma burada da düzgün reseptlərin tərtibi üçün gec deyil. Bunun üçün hələ resurslarımız var, tükənməyib. Bu formatda, Qarabağda tikinti-quruculuq işlərinin iqtisadiyyatın digər sahələrinə yoluxma effektinin təmini ilə bağlı yazdığım təklifləri burada təkrarlamıram. Amma, bir məsələni qeyd edim ki, əgər bir sahənin və ya bölgənin inkişafına böyük investisiyalar yatırılırsa və yoluxma effekti təmin olunmursa, o zaman həmin bölgə və sahə digər bölgə və sahələrin inkişafı üçün drayverə deyil, yükə çevrilir. Ən böyük risk budur.
Məqalə çox uzun olduğu üçün digər seqment və faktorlara keçmədən sonuncu məsələyə toxunmaqla təhlili yekunlaşdırmağa çalışacam. Dövlət və özəl sektorlarda çalışanların ABŞ-də nisbəti 15% – 85%, Türkiyədə 20% – 80%, Özbəkistanda 35% – 65%, Ermənistanda 25% – 75%, Azərbaycanda 51% – 49%-dir. Həmin 51 faizin ən azı yarısı sadəcə olaraq neft pulları hesabına maliyyələşir, çünki özəl sektor onları maliyyələşdirə bilməz. İxtisarlar məsələsinə gəlincə. Nəzərə alaq ki, dövlət sektorunda səmərəlilik, məhsuldarlıq, peşəkarlıq səviyyəsi çox aşağıdır. İkincisi, dövlət sektoru özəl sektor üçün ciddi yükə çevrilməkdədir ki, bu da resurs gəlirləri azaldıqda özəl sektorun əzilməsi ilə nəticələnəcək. Üçüncüsü, onilliklərlə eyni şəkildə işləməyə adət etmiş və həmçinin yeni gələn nisbətən təcrübəsiz kadrlar ixtisar olunanları əvəz edərək onların da əvəzinə işləyə biləcəklər? İxtisarlar nə dərəcədə obyektiv olacaq? Ən böyük risk budur ki, say azalsın, lakin peşəkarlar getsin, qeyri-peşəkarlar (qohumlar, dostlar, yaxınlar, sözəbaxanlar və sair) qalsın. Bu isə daha ciddi bir çöküş demək olar. Burada imtahan tətbiqlərinin obyektivliyin təmininə səbəb olacağına inanmıram. Əks effekt verəcəyi ehtimalı daha yüksəkdir. Həm də ən azı 60%-i mövcud ixtisas sahəsinə aid olmayan 50-60 və ya 100 sualla bir gün ərzində mütəxəssisin biliyinin obyektiv qiymətləndirilməsi mümkün deyil. Bunu mən demirəm, Nobel mükafatçısı, tanınmış iqtisadçı-psixoloq Daniel Kahneman deyir. İxtisarlar bu mənada ciddi risk daşıyır. İxtisarlar olmalıdır, yoxsa olmamalıdır? Olmalıdırsa necə olmalıdır? İxtisarlar əvvəl-axır olmalıdır, qaçılmazdır. Lakin, məsələ necə olmağındadır. Ən ideal variant rəvan keçiddir. Yəni, dövlət proqram qəbul edir ki, hər il dövlət sektorundan məsələn 50-100 min adam ixtisar olunacaq və nə qədər adam ixtisar olunacaqsa, həmin adam sayı + hər il əmək bazarına daxil olanları da nəzərə alaraq əlavə 30-40% yeni iş yerləri özəl sektorda açılmalı və həm də ixtisar olunanların sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaları üçün biznes mühitinə baxılmalıdır. Çünki, dəyər yaratmayan bir vətəndaş dövlət üçün (büdcə üçün) bir yükə, təzyiqə çevriləcək.
Hazırki vəziyyətin səbəblərinə görə mətbuatda müxtəlif fikirlər dolaşır. Bu yazıda qeyd olunan (uzun müddət büdcə xərcləmələrindən ibarət olan fiskal siyasət, maaşlar, gəlir bərabərsizliyi və sair toxunmadım) hər bir seqment, sahə və amilin ayrılıqda iqtisadiyyata təsirləri ilə yanaşı onların birgə kumulyativ (yəni bir-birlərinin müsbət və mənfi təsirlərini gücləndirən) təsirlərini də ölçdükdə səbəblərin qeyd olunduğu qədər səthi və sadə olmadığını görürük. Hər bir seqment üzrə ölçmə və analizlərin aparılmasına, formalaşmış və formalaşmaqda olan risklərin ölçülməsinə ciddi ehtiyac var.
Nə baş verir və nələrin baş vermə ehtimalı yüksəkdir? 2024-cü ilin ortalarından etibarən iqtisadiyyatımız daralmağa başlayıb. Bildiyimiz kimi, iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar. İqtisadiyyat çevrə deyil ki, sabit qalsın. Bu müvəqqəti ola bilər ki, adına da durğunluq deyilir. Daralmada olan iqtisadiyyatı ilk dövrlərdə yalnız peşəkar iqtisadçılar müəyyən edər. (Qeyd: daralma tendensiyaları ilə bağlı ilk yazılarım 2024-cü ilin ortalarına təsadüf edir). Sonralar isə spiralın hər bir çevrəsinin radiusu azalqıdca daralma sürətlənər, növbəti mərhələlərdə bunu hər kəs hiss edər, son nöqtədə isə partlayar (çöküş, böhran). İqtisadiyyatımızda növbəti aylarda, rüblərdə, dövrlərdə daralmanı sürətləndirəcək faktorlar təkcə daxili deyil, həm də xarici olacaq. Yəni, qlobal inflyasiya, idxal inflyasiyası, inflyasiyanın indeksləşdirilməsində yaranacaq çətinliklər və iqtisadiyyata əlavə təzyiqlərin formalaşması və sair. Başqa sözlə ikiqat təzyiq altına düşmək ehtimalımız yüksəkdir!
Çıxış yollarını soruşacaqsınız. Əvvəlki məqalələrimdə ətraflı yazmışam. Dövlət proqramlarının iqtisadi inkişafı təmin etmək üçün yetərli olmaması (hər bir qurumun öz proqramı var, lakin bir çox hallarda digər qurumların proqramlarını tamamlamır, tamlıq yoxdur), proqramlardakı hədəflərin tam, obyektiv və yetərli olmaması (qeyd etmişdim ki, məsələn bu gün ayda 1000 manat qazanan adam 5 ildən sonra 1500 qazanacağı hədəfi qoyursa və illik inflyasiya da rəsmən 6% ətrafındadırsa, 5 ildən sonra o 1500 manat qazansa da, əslində itirmişdir, geriləmişdir), böyümə hədəflərinin düzgün müəyyən edilməməsi və hətta 3% ətrafında hədəflənən böyümə üçün tədbirlərin qeyri-müəyyən və yetərsiz olması, kadr məsələləri, turizmə yeni və fundamental olaraq yeni baxışın formalaşması, istehsal və emala, yerli istehsala yeni baxışın və yanaşmanın formalaşması, dövlət satınalmalarına yeni baxışın formalaşması, monetar və fiskal siyasətlərin bir-birlərini tamamlaması (eyni olmasını demirəm, məsələn, hər ikisi daraldıcı və ya genişləndirici siyasəti apararsa inflyasiya ya sürətlə enər, iqtisadiyyat daralar, ya sürətlə artıb hiperinflyasiyaya çevrilər, bu yolverilməzidir! Bu iki siyasətin bir-birlərini tamamlaması isə başqa siyasətdir), ixtisarların heç olmasa müəyyən hissəsinin keçidi təmin olunaraq aparılması (bunun üçün iqtisadiyyat ona verilən vaxt ərzində iş yerlərinin açmasını təmin etməyə çalışmalıdır), qurumlarda kadr siyasətinə yanaşmanın və sadalanan digər yanaşmaların kökündən dəyişməsi və sair və sair.
Nəhayət pozitiv bir sonluq. Hər bir dərdin dərmanı var. İqtisadiyyatda da elədir. Resurs iqtisadiyyatlarının sonlarında iqtisadi konyukturanı, strukturu, yanaşmanı dəyişmək üçün lazım olan əsas resurslardan biri də kapitaldır, ölkənin aşağı səviyyədə borclanması və sairdir. Bunları təmin etmişik. Bir çox ölkələr bunların çatışmazlığının qurbanı olaraq xroniki böhran və səfalətə düçar olublar. Qalır kadr məsələləri, düzgün vizyona, o vizyona çatmaq üçün vacib olan strategiyaya və o strategiyanı həyata keçirmək üçün lazım olan tədbirləri (taktikaları) əhatə edən vahid proqram! Əks halda, ölkənin mikro, kiçik, orta və daha çox da böyük sahibkarlıq subyektlərinə ciddi təzyiq formalaşdıracaq daha sürətli daralma qaçılmaz olar!
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert







