Kibercinayətkarlıq riski qlobal sığorta bazarlarında olduğu kimi yerli sığorta bazarımız üçün də aktual istiqamətlərdəndir. Dünya sığorta sənayesi bu risklərə qarşı ciddi tədbirlər görür. Bu addımlar həm yeni sığorta məhsulları, həm də yeni mexanizmlər fonunda müşahidə olunur. Yerli sığorta bazarımız da təbii olaraq bu aktual riskləri dəyərləndirir və lokal sənaye üçün alternativlər təklif edir.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib.
O bildirib ki, bu gün Azərbaycanın sığorta bazarı istehlakçılara kibersığorta məhsulu təklif edir.
“Bu sığorta məhsulunun təminat verdiyi risklər sırasına şirkətlərin saytlarına və sosial şəbəkə hesablarına edilən hücumlar, nəticədə şifrələrin ələ keçirilməsi və ya dəyişdirilməsi, səhifələrin sındırılması, veb-saytların bloklanması və ya tam ələ keçirilməsi kimi hallar daxildir. Bundan əlavə, işçilərin səhvi ucbatından baş verən texniki xətalar, proqram təminatının zədələnməsi, eləcə də üçüncü şəxslər qarşısında yaranan məsuliyyət riskləri də bu sığorta məhsulunun təminatlı risk əhatəsinə daxildir. Bu, yeni məhsul olduğu üçün hazırda sahə üzrə dünya təcrübəsinin araşdırılması davam edir. Bu da onu deməyə əsas verir ki, gələcəkdə digər kiberrisklər də təminat altına alına bilər. Məsələn, bu gün ölkədə bank kartlarına yönələn kiberhücumların artmasını müşahidə edirik. Dünya təcrübəsi öyrənildikcə və tətbiq sahəsi genişləndikcə, növbəti mərhələlərdə bu risklərin də müvafiq sığorta məhsulunun təminatına salınacağı gözlənilir”, – deyə Emil Ağabağırov bildirib.







