Süni intellekt çip istehsalçısı “Moore Threads Technology”nin səhmləri Şanxay Fond Birjasında debüt ticarət gününün yekununda 425,5% artaraq 600,5 yuan (84,9 dollar) olub. Ticarət sessiyası zamanı artım pik həddə — IPO qiyməti olan 114,28 yuanla (16,1 dollar) müqayisədə 502%-ə çatıb.
“Bloomberg” şirkət məlumatlarına istinadən yazır ki, “Moore Threads Technology” Şanxaydakı IPO zamanı 8 milyard yuan (1,13 mlrd dollar) cəlb edib. Bu, Çində 2025-ci ildə keçirilmiş ikinci ən böyük ilkin səhmlərin yerləşdirilməsi olub. Birinci yeri isə iyul ayında 2,7 milyard dollarlıq IPO həyata keçirən “Huadian New Energy Group” tutur.
“Moore Threads”in yerləşdirilməsi böyük marağa səbəb olub: agentliyin məlumatına görə, pərakəndə investorların tələbi təklif həcmini 2750 dəfə üstələyib. “Bloomberg” qeyd edir ki, “Moore Threads Technology”nin ilk ticarət günündə qeydə alınan sürətli qiymət artımı 2019-cu ildən bəri 1 milyard dollardan çox həcmli IPO-lar arasında rekord göstəricidir. Müqayisə üçün: 2020-ci ildə IPO keçirən çip istehsalçısı “Semiconductor Manufacturing International Corp.” (SMIC) şirkətinin səhmləri ilk gündə 202% artmışdı.
“Moore Threads”in birjaya çıxışı investorların Çinin texnoloji müstəqilliyə can atmasına dair artan nikbinliyi fonunda baş verib — bu tendensiya ticarət mübahisələri və ABŞ tərəfindən mümkün məhdudiyyətlərlə bağlı narahatlıqlar səbəbilə daha da güclənib. Şirkət, xüsusilə, “Nvidia”nın Çin bazarından çıxmasından sonra “Cambricon Technologies” və “Huawei Technologies” ilə bazar payı uğrunda ciddi rəqabət aparır. 2025-ci ilin ilk doqquz ayında “Moore Threads” 724 milyon yuan (102,4 milyon dollar) zərər göstərib — bu, ötən illə müqayisədə 19% azdır. Şirkətin gəlirləri isə illik müqayisədə 182% artaraq 780 milyon yuana (110,3 milyon dollar) yüksəlib.
“Moore Threads” 2020-ci ildə “Nvidia”nın top-meneceri Çjan Tsyançjun tərəfindən təsis edilib. Əvvəlcə şirkət qrafik çiplərin hazırlanması ilə məşğul idi, lakin daha sonra diqqətini Sİ sürətləndiricilərinə yönəldib. 2023-cü ildə ABŞ Maliyyə Nazirliyi “Moore Threads”i ixrac üçün “qara siyahı”ya salaraq şirkətin qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırıb.







