Gürcüstan Azərbaycan yanacağının Ermənistana dəmir yolu ilə daşınmasını pulsuz həyata keçirəcək
Banker.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarına əsasən, “Gürcüstan Dəmir Yolları” SC Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana yanacağın birdəfəlik dəmir yolu tranzitini tamamilə pulsuz həyata keçirəcək.
Bu barədə məlumatı ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi “İmedinews”a təsdiqləyib.
Bildirilib ki, Azərbaycan mətbuatında yanacağın dəmir yolu ilə daşınmasına tarif baryerlərinin mane olması ilə bağlı yayılan məlumatlardan sonra məsələ aydınlaşdırılıb.
Qurumun məlumatına görə, Gürcüstan hökuməti dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazirin göstərişi ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib.
Qeyd edilib ki, rəsmi tərəflər qərar barədə məlumatlandırılıb: “Gürcüstan həmişə regionda sülhün və əməkdaşlığın tərəfdarı olub və belə də qalır. Azərbaycan isə hər zaman etibarlı tərəfdaş kimi qiymətləndirilir”, – məlumatda vurğulanır.






