®“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları arasında basketbol turniri keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib.
Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində məktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin müşaviri Anar Abdullayev, “Daşkəsən Dəmir Filiz” MMC-nin baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə də Gənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbər şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, xüsusilə bölgələrdə idman infrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılmasından söz açıblar.
Bildirilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fiziki və sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimi müsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir.
Nitqlərdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrin bölgənin sosial-ictimai həyatında mühüm rol oynadığı qeyd olunub.
Yekunda 3 günlük turnirdə qalib gələn komandalar, həmçinin “Ən yaxşı oyunçu” nominasiyasının qalibi və turniri idarə edən hakimlər mükafatlandırılıb. Qaliblərə kubok, medal və diplom təqdim edilib.
Qeyd edək ki, turnirin yekununda Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri, Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin basketbol komandaları tutub.






















