Meksika qanunvericiləri Asiyadan idxal üçün yeni tarifləri təsdiq ediblər. “Bloomberg”in yazdığına görə, ölkənin Senatı Meksika ilə ticarət sazişi olmayan Asiya ölkələrindən gətirilən 1400-dən çox mala 5%-dən 50%-ə qədər gömrük rüsumları tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə səs verib.
Qanun layihəsini 76 senator dəstəkləyib. Beş nəfər “əleyhinə” səs verib, daha 35 nəfər isə bitərəf qalıb. Dəyişikliklər 2026-cı ildə qüvvəyə minəcək və geyimdən tutmuş metallara və avtomobil ehtiyat hissələrinə qədər geniş çeşiddə mallara şamil olunacaq. Qanunvericilikdə əsas diqqət Çin zavodlarında kütləvi istehsala yönəldiləcək.
Agentlik qeyd edir ki, bu qərar “ümumilikdə ABŞ-nin Çinə qarşı ticarət baryerlərini sərtləşdirmək səylərinə uyğundur”. Meksikanın Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, yeni tariflər 2026-cı ildə ölkəyə təxminən 52 milyard peso (2,8 milyard dollar) əlavə gəlir gətirəcək.
11 sentyabrda Meksika prezidenti Klaudia Şeinbaum jurnalistlərə bildirmişdi ki, hökumətin planlarına tarifləri 2026-cı ildən etibarən 20%-dən 50%-ə qədər artırmaq daxildir. O, bu tədbirlərin Çin, Rusiya və bir sıra Asiya ölkələrindən gətirilən mallara şamil olunacağını qeyd etmişdi.








