Məlumatların analizi xidməti “Databricks” 134 milyard dollar qiymətləndirmə ilə 4 milyard dollar cəlb edib. CNBC-nin yazdığına görə, maliyyə raundunda “Insight Partners”, “Fidelity Management & Research Company”, “JPMorgan Asset Management” və “Andreessen Horowitz” iştirak edib.
Cəlb olunan vəsaitlər müştərilərə şirkət məlumatları əsasında öz süni intellekt tətbiqlərini və Sİ agentlərini yaratmağa kömək etmək üçün xərclənəcək.
“Databricks” böyük həcmli məlumatların sürətli emalı və onların analizə hazırlanması üçün proqram təminatı hazırlayır. Şirkət 2013-cü ildə alimlər qrupu tərəfindən təsis edilib.
Xidmət müxtəlif tipli böyük həcmdə məlumatların saxlanması üçün alternativ texnologiyası sayəsində məşhurlaşıb. “Databricks”in proqram təminatı şirkətlərə parametrlərin tənzimlənməsi və yenilənmələrin dəstəyi ilə bulud proqramlarını asan şəkildə işə salmaq imkanı verir.
Şirkət həmçinin açıq mənbəli süni intellekt modelləri yaradır və istifadəyə verir — məsələn, 2023-cü ildə “Databricks” açıq mənbə kodlu DBRX modelini təqdim edib.







