Azərbaycan milli səviyyədə rəqəmsal transformasiyanı strateji prioritet elan edib və bu istiqamətdə “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” vasitəsilə addımlar atacaq.
Bunu BMT Baş Assambleyasının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitin (İCÜS) nəticələrinin icrasının ümumi baxışı ilə bağlı yüksək səviyyəli iclasında çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev deyib.
Diplomat qeyd edib ki, sammitinin keçirilməsindən iki onillik ötdükdən sonra rəqəmsal transformasiya dayanıqlı inkişaf üçün zəruri amilə çevrilib. Rəqəmsal texnologiyalar cəmiyyətlərin idarə olunması, təhsil, innovasiya və əlaqə qurma üsullarını formalaşdırır, lakin bu transformasiyanın faydaları hələ də bərabər paylanmayıb.
Səfir qeyd edib ki, Azərbaycanın mövqeyinə görə, ümumdünya, əlçatan, təhlükəsiz və mənalı rəqəmsal əlaqə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əsasını təşkil edir.
Diplomat bildirib ki, ötən ay Azərbaycan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edib:
“Azərbaycan milli səviyyədə rəqəmsal transformasiyanı strateji prioritet elan edib və bu istiqamətdə “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” vasitəsilə addımlar atacaq. Strategiya inklüziv iqtisadi artımı, davamlı rəqəmsal iqtisadiyyatın inkişafını hədəfləyir, yüksək keyfiyyətli rəqəmsal infrastrukturu genişləndirməyi, rəqəmsal bacarıqları gücləndirməyi və innovasiyanı təşviq etməyi nəzərdə tutur.
Azərbaycan hökuməti genişzolaqlı internetin inkişafı, rəqəmsal dövlət xidmətləri və innovasiya sahələrinə böyük investisiyalar edib. Xüsusilə ASAN Xidmət modeli şəffaf, səmərəli və vətəndaş yönümlü yanaşması ilə beynəlxalq səviyyədə tanınıb, rəqəmsal texnologiyaların institusional islahatlarla birləşdirilməsinin inklüzivliyi artırmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq və vətəndaşlarla dövlət arasında etimadı gücləndirmək üçün effektiv nümunə olduğunu göstərir”.
Azərbaycan nümayəndəsi qeyd edib ki, bununla yanaşı, Azərbaycan “Rəqəmsal İpək Yolu” təşəbbüsü ilə regional rəqəmsal əlaqəni dəstəkləyir, Trans-Avasiya informasiya infrastrukturunun təhlükəsiz və davamlı olmasını təmin etməyi hədəfləyir və regional inteqrasiyanı dəstəkləyir. Post-münaqişə bərpa işləri çərçivəsində azad edilmiş ərazilərdə ağıllı və davamlı şəhərlərin inkişafı, rəqəmsal infrastruktur, yaşıl texnologiyalar və innovasiya ekosistemlərinin tətbiqi ilə inklüziv artımı və gənclər üçün iş imkanlarını təmin edir.
T. Musayev vurğulayıb ki, Azərbaycan bütün üzv dövlətlər və maraqlı tərəflərlə əməkdaşlığa hazırdır ki, inklüziv, bərabər və davamlı rəqəmsal gələcək qurulsun, hər bir ölkə rəqəmsal inkişaf yolunu müəyyən edə bilsin və hər bir insan informasiya cəmiyyətinin imkanlarından yararlana bilsin.






