“S&P Global Ratings” “Azər-Türk Bank” ASC (ATB) üzrə uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini “B+/B” səviyyəsində təsdiqləyib, proqnozu sabit saxlayıb.
Qərar bankın SOCAR tərəfindən 51% payla alınmasından sonra yeni strategiya formalaşdırdığı mərhələdə maliyyə və biznes göstəricilərinin əsasən dəyişməyəcəyi gözləntisinə əsaslanır. SOCAR-ın ATB-də pay alması 2025-ci ilin oktyabrında korporativ reyestr və nizamnamə dəyişiklikləri yolu ilə yekunlaşıb. Yeni idarəetmə komandası fəaliyyətə başlasa da, baş icraçı direktor (CEO) vəzifəsi hələ vakantdır.
S&P bildirir ki, ATB hazırda SOCAR-la əməliyyat bankçılığına və qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə yönələn yeni strategiya üzərində işləyir. Agentlik strategiyanı bankın gələcək bazar mövqeyinə və gəlirliliyinə real təsirini elan edildikdən sonra qiymətləndirəcək.
Reytinq agentliyinin proqnozuna görə, növbəti 12 ayda bankın kapitallaşma və risk mövqeyi əsasən sabit qalacaq. Risklə ölçülmüş kapital göstəricisinin (RAC) 2026-cı ildə 6–7,5% aralığında olacağı gözlənilir (2024-cü ilin sonunda 6,6%). Bu göstərici əsasən kredit portfelinin artım tempindən və mümkün kapital dəstəyindən asılı olacaq.
S&P eyni zamanda qeyd edir ki, əvvəlki illərdə sürətli kredit artımı fonunda problemli kreditlərin payı arta bilər: “Problemli kreditlərin payı 2024-cü ilin sonunda 2,2% olduğu halda, 2025-ci il sentyabrın sonuna 3,2%-ə yüksəlib və növbəti 12–24 ayda 4%-ə çata bilər. Artım əsasən korporativ və istehlak kreditləri üzrə keyfiyyətin zəifləməsi ilə izah olunur”.
Agentlik ATB-ni SOCAR üçün strateji əhəmiyyət daşımayan törəmə qurum hesab edir və buna görə də reytinqlərdə SOCAR-dan əlavə dəstək nəzərə alınmır. Hökumətin bankdakı payının 75%-dən 24%-ə endirilməsi fonunda dövlət dəstəyi ehtimalı da aşağı qiymətləndirilir.
S&P xəbərdarlıq edir ki, əgər yeni strategiya bankın kapitallaşmasına və aktiv keyfiyyətinə təzyiq göstərərsə və ya SOCAR-ın mülkiyyəti real biznes üstünlüklərinə çevrilməzsə, reytinqlər aşağı salına bilər. Eyni zamanda, yaxın 12 ay ərzində reytinq artımı ehtimalı aşağı qiymətləndirilir.







