Yeni Zelandiyadan Azərbaycana idxal olunan kərə yağında qiymət artımı fonunda idxalçı şirkətlər tədarük həcmlərini azaltmağa başlayıb.
Banker.az xəbər verir ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın kərə yağı idxalı 16.76 min ton təşkil edib və idxalın dəyəri 121.06 mln. dollar olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 22% azalsa da, dəyər 1.6% artıb. Bu, bir ton kərə yağının orta idxal qiymətinin illik 30% artaraq 7.22 min. dollar səviyyəsinə yüksəlməsi ilə əlaqəlidir. 2024-cü ilin ilk 10 ayında bu göstərici 5.54 min. dollar idi.
Yeni Zelandiyadan idxal 26% azalaraq 3.63 min ton (28.4 mln. dollar) təşkil edib, bir tonun qiyməti isə 19% artaraq 6.58 min dollardan 7.81 min. dollara səviyyəsinə yüksəlib. Hazırda marketlərdəki vitrinlərdə Y.Zelandiya yağının qiyməti növünə görə 26-27 kq/manat təşkil edir. Bu da ilin əvvəli ilə müqayisədə təqribən 9 faizə yaxın bahalaşmadır.
Ən böyük tədarükçü olan İran İslam Respublikasından idxal 6.99 min ton olub ki, bu da illik müqayisədə 47% azdır. Bununla belə, İrandan idxal olunan kərə yağının orta ton qiyməti 26% artaraq 6.03 min. dollar olub.
Belarusdan idxal 31% artaraq 1.19 min tona, Finlandiyadan idxal isə 19% artaraq 0.88 min tona çatıb. Bu ölkələr üzrə orta ton qiymətləri müvafiq olaraq 7.61 min. dollar və 9.51 min. dollar olub. Ukraynadan idxal 63% artaraq 1.24 min ton təşkil edib, Almaniyadan idxal isə 46% artaraq 0.34 min tona yüksəlib.








