9 C
Baku
Wednesday, December 17, 2025

Beynəlxalq Enerji Agentliyi 2030-cu ilə qədər qlobal kömür tələbatının 3% azalacağını gözləyir

Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, dünyada kömürə olan tələbat 2030-cu ilə qədər 2025-ci ilin göstəriciləri ilə müqayisədə 3% azalacaq. BEA-nın proqnozuna əsasən, 2025-ci ildə qlobal kömür tələbatı 8,85 milyard ton təşkil edəcək.

Hesabatda qeyd olunur ki, “son proqnozumuza görə, yaxın illərdə qlobal kömür tələbatı əsasən stabil qalacaq və 2030-cu ilə qədər tədricən azalacaq. Həmin vaxta qədər istehlak 2025-ci illə müqayisədə 3% azalaraq 2023-cü ilin səviyyəsindən də aşağı düşəcək”.

Proqnozlara əsasən, kömür əsasında elektrik enerjisi istehsalı onilliyin sonuna doğru 2021-ci ilin səviyyəsindən aşağı olacaq.

BEA hesab edir ki, qlobal elektrik enerjisinə tələbatın əhəmiyyətli artımı yaxın illərdə kömür istehlakını müəyyən qədər dəstəkləyə bilər. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin və nüvə energetikasının enerji istehsalındakı payının artması səbəbindən digər enerji mənbələri ilə rəqabət də güclənəcək.

Agentlik vurğulayır ki, sənayedə kömürün əvəzlənməsi prosesi ləng getdiyindən, bu sektorda kömür istehlakı onilliyin sonuna qədər ildə orta hesabla 1%-dən az azalacaq.

BEA-nın gözləntilərinə görə, 2030-cu ilə qədər kömür istehlakında ən əhəmiyyətli artım Hindistanda müşahidə olunacaq — burada tələbat orta hesabla ildə 3% artacaq. Ən sürətli artım isə Cənub-Şərqi Asiyada qeydə alınacaq: bu regionda kömürə tələbat 2030-cu ilə qədər ildə 4%-dən çox artacaq.

Növbəti beş il ərzində Çində kömürə olan tələbatın isə yavaş və cüzi şəkildə azalacağı proqnozlaşdırılır — orta hesabla ildə 1%-dən az azalma gözlənilir.

Son xəbərlər
Digər xəbərlər