7 C
Baku
Wednesday, December 17, 2025

Çin əsas qlobal texnologiyaların təxminən 90 faizində lider mövqedədir

Çin dünyanın əsas və perspektivli texnoloji istiqamətlərinin əksəriyyətində lider mövqelər tutur.

Bu, “ASPI Critical Technology Tracker”in 2025-ci il üzrə hesabatının məlumatlarında əksini tapıb. Təqdim olunan göstəricilərə əsasən, Çin 74 kritik əhəmiyyətli texnoloji sahədən 66-da birinci yerdə qərarlaşıb, Birləşmiş Ştatlar isə cəmi səkkiz istiqamət üzrə liderliyini qoruyub saxlayıb.

Hesabatda qeyd olunur ki, son 20 il ərzində Çin və ABŞ qlobal texnoloji liderlik sahəsində faktiki olaraq yerlərini dəyişiblər. Belə ki, 2003–2007-ci illər dövründə Çin 64 texnologiyadan yalnız üçü üzrə aparıcı mövqedə olub. Eyni dövrdə ABŞ 64 texnoloji istiqamətdən 60-da liderlik edib.

ASPI-nin məlumatına görə, 2019–2023-cü illərdə Çin artıq 64 texnologiyadan 57-si üzrə lider ölkəyə çevrilib. Bu göstərici 2018–2022-ci illərin reytinqi ilə müqayisədə artım deməkdir. Həmin dövrdə Çin 52 istiqamət üzrə lider idi.

Əvvəllər texnoloji sahədə müstəsna dominantlıq edən Birləşmiş Ştatlar son beş ildə, yəni 2019–2023-cü illər ərzində cəmi yeddi texnologiya üzrə lider mövqeyini qoruyub saxlayıb.

Hesabatda vurğulanır ki, ABŞ son iyirmi ildə tarixi texnoloji üstünlüyünü qoruyub saxlaya bilməyib. Qeyd edilir ki, Birləşmiş Ştatlar bəzi sahələrdə hələ də lider mövqedə qalsa da, sənədə əsasən ölkənin əvvəlki texnoloji hegemonluğu artıq keçmişdə qalıb.

Eyni zamanda qeyd olunur ki, Çin öz mövqelərini əsasən milli texnologiyaların inkişafına yönəldilmiş genişmiqyaslı investisiyalar, eləcə də yüksək səmərəli elmi və tədqiqat institutlarının formalaşdırılması hesabına əhəmiyyətli dərəcədə möhkəmləndirib.

ASPI-nin analitik nəticələrinə görə, Birləşmiş Ştatlar 1960-cı illərin kosmik yarışına bənzər miqyasda milli texnoloji kampaniyaya başlasa belə, mövcud geriliyin aradan qaldırılması üçün onlara təxminən 20 il vaxt lazım ola bilər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər