ABŞ-nin xam neftin kommersiya ehtiyatları bir həftə ərzində 1,3 milyon barel azalaraq 12 dekabr tarixinə 424,4 milyon barel təşkil edib. ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, bu göstərici ilin bu dövrü üçün beşillik orta səviyyədən təxminən 4% aşağıdır.
Eyni zamanda, 12 dekabrda başa çatan həftə ərzində ABŞ neft emalı zavodlarında (NEZ) xam neftin orta gündəlik emal həcmi 17 milyon barel (b/g) təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 129 min barel çoxdur. Sözügedən dövrdə benzin istehsalı artaraq orta hesabla 9,6 milyon b/g olub. Dizel yanacağının istehsalı isə 228 min b/g azalaraq orta hesabla 5,2 milyon b/g səviyyəsində qeydə alınıb.
Göstərilən dövrdə ABŞ-yə xam neft idxalı orta hesabla gündə 6,5 milyon barel təşkil edib ki, bu da bir həftə əvvəlki göstəricidən 64 min b/g azdır. Son dörd həftə ərzində xam neft idxalı orta hesabla gündə təxminən 6,4 milyon barel olub ki, bu da 2024-cü ilin eyni dörd həftəlik dövrü ilə müqayisədə 1,8% azdır.
Sənəddə qeyd olunur ki, ABŞ-də avtomobil benzininin ehtiyatları 12 dekabr tarixinə əvvəlki həftə ilə müqayisədə 4,8 milyon barel artıb. Bu göstərici ilin bu dövrü üçün beşillik orta səviyyədən bir qədər aşağıdır.








