9 C
Baku
Sunday, December 21, 2025

Azərbaycan qazı TAP vasitəsilə Ukraynaya çatdırılacaq – Yeni nəqliyyat marşrutu təsdiqlənib

Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın enerji sahəsində milli tənzimləyici orqanları nəqliyyat gücləri üzrə yeni məhsulları — “Route 2” və “Route 3″ü rəsmi olaraq təsdiqləyiblər. Bu addım Ukrayna üçün regional qaz əlaqəliliyinin gücləndirilməsi və tədarük təhlükəsizliyinin artırılması baxımından mühüm mərhələdir.

Bu barədə Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan “ICGB” şirkətinin məlumatında bildirilir.

Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmiş mənbədən tədarükünü təmin edir:

– Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbii qazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;

– Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzər borukəməri qazının IGB vasitəsilə nəqli

Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 — eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional Rezervasiya Platformasında (Regional Booking Platform, RBP) təklif olunacaq. Bazar iştirakçıları bütün dəhliz boyunca paketlənmiş güclərə şəffaf və bazar prinsiplərinə əsaslanan çıxış əldə edəcəklər. Rəqabət qabiliyyətinin artırılması və “ICGB”dən istifadənin təşviqi məqsədilə şirkət bu güclər üzrə standart aylıq tarifə 46 faiz endirim tətbiq edəcək.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər