Noyabrda Rusiya neftinin Çinə tədarükü oktyabrla müqayisədə 5,6 % azalaraq gündə 2,03 milyon barel təşkil edib.
Bu barədə “İnterfaks” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.
Ötən ilin noyabr ayı ilə müqayisədə Rusiyadan tədarük 3,4 % azalıb. Mütləq ifadədə Rusiyadan neft ixracı 8,35 milyon ton (3,78 milyard dollar dəyərində) təşkil edib, oktyabrda bu rəqəm 9,11 milyon ton, 2024-cü ilin noyabrında isə 8,64 milyon ton olub.
On bir ayın nəticələrinə görə, Rusiya Çinə neftin əsas tədarükçüsü olaraq qalır – 91,5 milyon ton (azalma 7,6 %). Siyahıda sonrakı yerlərdə Səudiyyə Ərəbistanı 74,1 milyon ton (artım 2,5 %), Malayziya 60,3 milyon ton (azalma 5,1 %), İraq 58,8 milyon ton (azalma 0,6 %) və Braziliya 41,7 milyon ton (artım 21,6 %) gəlir.
Daha əvvəl “Bloomberg” Çinin ABŞ-nin təzyiqi səbəbindən Rusiyadan neft alışını azaltdığını bildirib. Qeyd olunurdu ki, həm dövlətə məxsus, həm də özəl neft emalı zavodları sanksiya riskləri səbəbindən Rusiya neftinin alışını azaldıblar.








