Çin Xalq Respublikasının Ticarət Nazirliyi Aİ-dən idxal olunan süd məhsullarına tətbiq edilən idxal rüsumlarının 42,7%-dək artırıldığını bildirib. Keçən il Çin Ticarət Nazirliyi Aİ hakimiyyətinin süd məhsulları istehsalçılarına verdiyi subsidiyalarla bağlı araşdırmaya başlamışdı. Araşdırmanın nəticələrinə əsasən, Çin tərəfi bəyan edib ki, Aİ-də təqdim olunan subsidiyalar rəqabətə ciddi zərər vurur və Çin istehsalçılarına mənfi təsir göstərir.
Nəticədə süd məhsullarının bir sıra mövqeləri üzrə idxal rüsumları konkret məhsuldan və ya istehsalçıdan asılı olaraq 21,9%-dən 42,7%-dək müəyyən edilib. Məsələn, məşhur göy kifli “Rokfor” pendirini istehsal edən Fransanın “Fromarsac” şirkətinin məhsullarına 30%, yoqurtlar, holland pendirləri və digər süd məhsulları istehsal edən Niderlandın “FrieslandCampina” şirkətinə isə 42,7% rüsum tətbiq ediləcək.
Artırılmış idxal rüsumları dekabrın 23-dən qüvvəyə minir. Avropa Komissiyası hələlik Çin Ticarət Nazirliyinin bu addımlarını şərh etməyib.







