“Apple” korporasiyası “iPhone 18” smartfonunun sınaq istehsalına mart ayında start verəcək.
Bu barədə “Weibo” sosial şəbəkəsi məlumat yayıb.
Məlumata görə, ABŞ-nin İT nəhəngi iPhone 18-in ilkin istehsalına Çin Yeni ilindən sonra başlayacaq. 2026-cı ildə bu bayram 17 fevral – 3 mart tarixlərini əhatə edəcək.
Qeyd olunur ki, “Apple” çinli tərəfdaşlardan asılı olduğu üçün zavodlar normal iş rejiminə qayıdan kimi yeni modelin istehsalına start veriləcək.
Məlumatda bildirilir ki, “iPhone 18 Pro” üçün istehsal xətləri artıq işə salınıb. Bunun səbəbi Apple-ın cihazın dizaynını, əsas texniki xüsusiyyətlərini və bazara çıxma tarixini əvvəlcədən təsdiqləməsidir.
Yeni flaqman model xarici görünüş baxımından iPhone 17 Pro-dan ciddi şəkildə fərqlənməyəcək.






