“Apple” və onun iki bölməsi bazarda dominant mövqedən sui-istifadəyə görə İtaliyanın Antimonopoliya İdarəsi (AGGM) tərəfindən 98,6 milyon avro məbləğində cərimələnib. Bu barədə tənzimləyici qurumun saytında məlumat verilib.
AGGM-nin fikrincə, Apple-ın tətbiqlərin izlənməsinin şəffaflığı siyasəti (App Tracking Transparency, ATT — iOS 14.5 və daha sonrakı versiyalarda tətbiq olunan məxfilik funksiyası) rəqabəti məhdudlaşdırır. Tənzimləyicinin açıqlamasında bildirilir ki, şirkət “App Store”da təklif olunan üçüncü tərəf tətbiq tərtibatçılarına öz məxfilik qaydalarını məcburi şəkildə tətbiq edir. Söhbət “Apple”ın 2021-ci ilin aprelindən etibarən iOS cihazları üçün üçüncü tərəf tərtibatçılara tətbiq etdiyi məxfilik qaydalarından gedir.
Tənzimləyicinin bəyanatına əsasən, üçüncü tərəf tətbiq tərtibatçıları reklam məqsədləri üçün məlumatların toplanması və əlaqələndirilməsi ilə bağlı “Apple”ın ATT sorğusu vasitəsilə istifadəçilərdən razılıq almalı olurlar. Lakin bu sorğu məxfilik qanunvericiliyinin tələblərinə uyğun gəlmir və nəticədə tərtibatçılar razılığı iki dəfə almağa məcburdurlar. AGGM qeyd edib ki, “Apple” istifadəçilərin məxfiliyinin eyni səviyyədə qorunmasını, lakin razılığın bir mərhələdə alınmasını təmin etməlidir.
Bəyanatda vurğulanır ki, tətbiqlərin izlənməsinin şəffaflığı siyasəti “Apple”ın kommersiya tərəfdaşlarına zərər vurur və eyni zamanda şirkətin məlumatların qorunması sahəsində bəyan etdiyi məqsədlərlə də uzlaşmır.
Nəzarət orqanı “Apple” barəsində araşdırmaya 2023-cü ilin may ayında başlayıb. Təftiş Avropa Komissiyası, digər milli antimonopoliya qurumları və İtaliyanın Məlumatların Qorunması İdarəsi ilə birgə aparılıb.
“Reuters”in məlumatına görə, “Apple” AGGM-nin qərarı ilə qəti şəkildə razı deyil və hesab edir ki, bu qərar “App Tracking Transparency” çərçivəsində nəzərdə tutulan mühüm məxfilik qoruma tədbirlərini nəzərə almır.








