Bloomberg yazır ki, Rusiyadan neft ixracı 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb. Agentlik eyni zamanda qeyd edir ki, tankerların boşaldılmasında yaranan gecikmələr səbəbindən onların üzərindəki neft ehtiyatları artıb. Hindistan və Çin sahilləri yaxınlığında da çoxlu sayda gəmilər toplanıb.
Bloomberg-in məlumatına görə, dənizdə tankerların içində saxlanılan neftin həcmi yayın sonundan bəri 48% artaraq gündə 185 milyon barelə çatıb. Ən azı 20 gəmi Çin və Hindistan limanlarına daxil olmaq üçün icazə gözləyir. Digər gəmilərə isə yüklərini çatdırmaq üçün aylar lazım olub. 15–21 dekabr tarixləri arasında 38 tanker 28,31 milyon barel neft yükləyib. Bu göstərici əvvəlki həftədəki 22,73 milyon barellə müqayisədə daha yüksəkdir.
Noyabrda “Rosneft” və LUKOIL-a qarşı tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın neft ixracında baş verən azalma dekabr ayında kompensasiya olunub. Agentliyin hesablamalarına görə, 21 dekabr tarixinə xam neft tədarükü 4,04 milyon barel təşkil edib ki, bu da son dörd həftə üzrə orta hesabla 3,86 milyon barelə bərabərdir.
Agentlik ixrac üçün neft həcminin artmasını emalın kəskin azalması ilə izah edir. Bu isə Rusiya müəssisələrinə pilotsuz uçuş aparatları ilə edilən hücumlarla əlaqələndirilir. Eyni zamanda, Rusiya mənşəli neft növlərinin qiymətləri digərlərindən daha çox ucuzlaşıb. Urals markalı neftin qiyməti bir barel üçün təxminən 25 dollar düşüb ki, bu da iyul ayındakı göstəricidən 40% aşağıdır.
The Economic Times-in məlumatına görə, 1–17 noyabr tarixləri arasında Rusiyadan Hindistana neft tədarükü 66% azalıb. Noyabrda Rusiyanın Asiyaya nafta ixracı da oktyabrla müqayisədə 57–80% azalıb. Hindistana tədarük 57% azalaraq 60 min tona, Çinə 73,3% azalaraq 54 min tona, Tayvana isə 79,6% azalaraq 37 min tona düşüb. S&P Global-ın bazar iştirakçılarına istinadən verdiyi məlumata görə, oktyabr ayında ABŞ sanksiyalarının tətbiqindən sonra bəzi Asiya idxalçıları Rusiya neft-kimya xammalından imtina edirlər.








