“TechCrunch” yazır ki, Marissa Mayer investisiya raundunda “Forerunner Ventures”in qurucusu Kirsten Qrindən, həmçinin “Kleiner Perkins”, “Greycroft”, “Offline Ventures”, “Slow Ventures” və “Bling Capital”in iştirakı ilə 8 milyon dollar cəlb edib. “Dazzle” startapının dəyəri 35 milyon dollar olaraq qiymətləndirilib.
Mayerin sözlərinə görə, “Dazzle” növbəti nəsil fərdi süni intellekt assistentlərinin hazırlanması ilə məşğul olacaq. Startapla bağlı digər detallar açıqlanmır — nəşrin qeyd etdiyinə görə, layihənin fəaliyyəti plan üzrə 2026-cı ilin əvvəlində ictimaiyyətə təqdim ediləcək.
Marissa Mayer 2012-ci ildən “Yahoo” şirkətinə rəhbərlik edib, bundan əvvəl isə 13 il ərzində “Google”da çalışıb. O, şirkətin “Verizon” operatoruna satılması ilə bağlı sövdələşmənin bağlanmasından sonra 2017-ci ildə “Yahoo”dan ayrılıb. KİV-lərin məlumatına görə, Mayer təxminən 23 milyon dollar məbləğində kompensasiya alıb.
2018-ci ildə top-menecer yeni layihəsi — “Lumi Labs” haqqında danışıb. 2020-ci ildə layihə “Sunshine” adlandırılıb və ilk tam funksional məhsul — süni intellekt əsasında kontaktların saxlanması və paylaşılması üçün “Sunshine Contacts” tətbiqi istifadəyə verilib. Lakin “TechCrunch”ın qeyd etdiyinə görə, servis geniş populyarlıq qazana bilməyib.
Ümumilikdə “Sunshine” investorlardan 20 milyon dollar cəlb edib. Mayerin sözlərinə görə, şirkətin ləğvindən sonra investorlar “Dazzle” startapında 10% pay əldə ediblər. O ümid edir ki, “Sunshine” layihəsindən əldə olunan təcrübə bu dəfə daha dayanıqlı və “təəssürat yaradan” bir biznes qurmağa kömək edəcək.








